Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən
yüksək səviyyəli həftəni geniş diplomatik təmaslarla
yekunlaşdırıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial
şəbəkə hesabında yayılan məlumatda bildirilib.

Qeyd edilib ki, səfər müddətində C.Bayramov müxtəlif ölkələrin
rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər
keçirib, bir sıra müzakirələrdə iştirak edib, həmçinin Azərbaycan
adından ikitərəfli sənədlərə imza atıb. Sözügedən təmaslar
Azərbaycanın xarici siyasət prioritetlərinin təşviqi və mövcud
tərəfdaşlıqların daha da gücləndirilməsi baxımından əhəmiyyətli
olub.

Yüksək səviyyəli həftə çərçivəsində Azərbaycan nümayəndə
heyətinin fəaliyyəti ölkənin çoxtərəfli əməkdaşlıq gündəliyinə fəal
töhfəsini davam etdirdiyini göstərib. Keçirilən müzakirələrdə sülh
və sabitliyin möhkəmləndirilməsi, regional və transregional
bağlantıların inkişafı, eləcə də qarşılıqlı maraq doğuran
əməkdaşlığın genişləndirilməsi əsas mövzulardan olub.

Məlumata əsasən, C.Bayramov səfər zamanı həmkarları, beynəlxalq
təşkilatların rəhbərləri və müxtəlif ölkələrin digər yüksək
vəzifəli şəxsləri ilə ümumilikdə 37 ikitərəfli görüş keçirib. Bu
görüşlərin yekununda 17 ikitərəfli sənəd imzalanıb.

Nazir, həmçinin, 11 yüksək səviyyəli tədbirdə çıxış edib. Həmin
tədbirlər arasında BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi
Debatı, G-77 və Çin formatı, Qlobal İnkişaf Təşəbbüsü (GDI), İslam
Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT),
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Dənizə Çıxışı Olmayan İnkişaf
Etməkdə Olan Ölkələr (LLDC) üzrə tədbirlər, İƏT-in Cammu və Kəşmir
üzrə Təmas Qrupunun iclası, Transxəzər və TRIPP marşrutlarına dair
sessiya, ABŞ Ticarət Palatasının dəyirmi masası və Ümumdünya
Ticarət Təşkilatının Dünya İqtisadi Liderləri ilə naharı olub.

Vurğulanıb ki, Azərbaycan bundan sonra da beynəlxalq
tərəfdaşlarla əməkdaşlığı genişləndirərək sülh və sabitliyin
təşviqinə, nəqliyyat və digər bağlantıların inkişafına, eləcə də
qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə fəal töhfə
vermək əzmindədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir