Oğlum söz vermişdi ki, tarix yazacaq – Şəhid anası

Baş səhifə

Bakı. Trend:

Oğlum mənə söz vermişdi ki, işğal altındakı torpaqlarımız azad
olunanda tarix yazıb tarixə düşəcək. Elə də oldu.

Bunu Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin anası Aidə
İbrahimova Trend-ə açıqlamasında deyib.

O bildirib ki, Adil uşaqlıqdan Vətənə bağlı olub: “Ona deyirdim
ki, işini dəyiş, bu iş çox çətindir. Cavab verirdi ki, “Ana, biz
Vətən üçün doğulmuşuq, Vətən üçün də canımızı qurban verməliyik”.
Həmişə deyirdi: “Birinci Vətən, sonra sən”.

Şəhid anasının sözlərinə görə, Adil atasına da işğal altındakı
torpaqların azad olunacağına inandığını söyləyirdi: “Atası Birinci
Qarabağ müharibəsi qazisidir. Adil ona deyirdi ki, “Siz o vaxt
bacarmadınız, amma biz bacaracağıq, torpaqlarımızı
qaytaracağıq”.




Aidə İbrahimova oğlu ilə son görüşünü də xatırlayıb: “Onu yola
salanda qucaqlaşdıq. Mənə “Ana, narahat olma” dedi. Adil noyabrın
7-də Şuşanın Daşaltı kəndində şəhid oldu. Nəşi noyabrın 19-da bizə
təhvil verildi. Altı il keçsə də, yoxluğunu hələ də qəbul edə
bilmirəm”.

O əlavə edib ki, oğlu övladlarının yaxşı təhsil almasını,
gələcəkdə xaricdə oxumasını arzulayırdı.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr
tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günü
kimi təsis edilib. Bu gün ölkənin şəhər və rayonlarında, o cümlədən
azad edilmiş ərazilərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi
ehtiramla anılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir