Bratislavada medal yağışı (FOTO)

Baş səhifə

Bakı. Trend:

25–28 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislava
şəhərində batut və ikili mini-batut gimnastikası üzrə “Slovak
Trampoline Open Cup” beynəlxalq turniri keçirilib.

Turnirdə ölkəmizi 13–16 yaş kateqoriyasında Melisa İsmixanova,
17 yaş və yuxarı yaş kateqoriyasında isə Vəfa Əlisultanova, İbrahim
Mustafazadə, Əli Niftəliyev, Fərhad Vəliyev və Çingiz Vəliyev
təmsil ediblər.

13–16 yaş kateqoriyasında Melisa İsmixanova batut
gimnastikasının fərdi proqramında mübarizə aparıb. 17 yaş və yuxarı
yaş kateqoriyasında Vəfa Əlisultanova batut gimnastikasının fərdi
proqramında və ikili mini-batutda, İbrahim Mustafazadə fərdi və
sinxron proqramlarda, Əli Niftəliyev fərdi proqramda, Fərhad
Vəliyev fərdi və sinxron proqramlarda, həmçinin ikili mini-batutda,
Çingiz Vəliyev isə ikili mini-batut proqramında ölkəmizi təmsil
ediblər.
Təmsilçilərimiz turnirdə uğurlu çıxış edərək müxtəlif proqramlarda
ümumilikdə 7 medal qazanıblar. Batut gimnastikasının sinxron
proqramında Əli Niftəliyev və İbrahim Mustafazadə 39.600 xal
toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medalın sahibi
olublar.




Fərdi proqramda İbrahim Mustafazadə 51.710 xalla, Fərhad Vəliyev
isə 51.800 xalla öz kateqoriyalarında ikinci yeri tutaraq gümüş
medal qazanıblar. Əli Niftəliyev 51.499 xal nəticə ilə üçüncü
pillədə qərarlaşaraq bürünc medala sahib olub.

İkili mini-batut proqramında Çingiz Vəliyev 49.300 xal
toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vəfa
Əlisultanova da ikili mini-batut proqramında uğurla çıxış edib.
Gimnastımız 44.000 xal toplayaraq birinci yerə layiq görülüb və
qızıl medalın sahibi olub.

Fərhad Vəliyev isə 46.000 xal nəticə ilə üçüncü yeri tutaraq
bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan gimnastları “Slovak Trampoline Open Cup”
beynəlxalq turnirini 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla
ümumilikdə 7 medalla başa vurublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir