
Bakı. Trend:
Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng
edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat
yayıb.
Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü
münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və
fəaliyyətində uğurlar arzulayıb.
İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident
İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son
görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla
xatırlayıblar.
Azərbaycan Hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə
olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində
duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.

