
Bakı. Trend:
BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi
Rebeka Qrinspan BMT Təhlükəsizlik Şurasında təşkilatın baş katibi
vəzifəsinə namizədlərlə bağlı keçirilən dördüncü ilkin səsvermənin
nəticələrinə əsasən yenidən ən çox dəstək səsi toplayıb.
Bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat
yayıb.
Mənbələrin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının 10 üzvü
Qrinspanı dəstəkləyib, 3 üzv onun əleyhinə çıxıb, 2 üzv isə
mövqeyini bildirməkdən çəkinib. Bundan əvvəl TASS-ın BMT-dəki
mənbəsi sentyabrın 18-də keçirilmiş ilkin səsvermənin nəticələrinə
əsasən Qrinspanın 9 Təhlükəsizlik Şurası üzvünün dəstəyini
qazandığını, 5 üzvün onun əleyhinə səs verdiyini, daha bir üzvün
isə mövqeyini açıqlamadığını bildirmişdi.
Reuters qeyd edir ki, Qayana namizədi Kerolayn Rodriges-Birkett
və MAQATE-nin baş direktoru Rafael Qrossi sentyabrın 29-da hərəyə 8
dəstək səsi alıblar. Lakin Rodriges-Birkett 6 əleyhinə, Qrossi isə
7 əleyhinə səs toplayıb.
2017-ci ildən BMT-yə rəhbərlik edən Antonio Quterreşin
səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
Təhlükəsizlik Şurasının üzvləri dünya təşkilatının rəhbəri
vəzifəsinə namizədi seçərək onun namizədliyini Baş Assambleyaya
tövsiyə edirlər. Bundan sonra Baş Assambleyada səsvermə keçiriləcək
və BMT-nin yeni baş katibi rəsmi olaraq seçiləcək.
Qrinspan, Rodriges-Birkett və Qrossi ilə yanaşı, dünya
təşkilatının rəhbəri vəzifəsinə Seneqalın keçmiş prezidenti Maki
Sall, Ekvadorun keçmiş xarici işlər və müdafiə naziri Mariya
Fernanda Espinosa Qarses, Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri
İvonn Baki və Uqandanın BMT-dəki keçmiş daimi nümayəndəsi Olara
Otunnu da namizəddirlər.

