Azərbaycan və Yunanıstan turizm üzrə Birgə Fəaliyyət Planı imzalayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Yunanıstan turizm üzrə 2026-2028-ci illər üçün
Birgə Fəaliyyət Planı imzalayıb.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X”
hesabında paylaşım edib.

“Afinada Yunanıstanın xarici işlər nazirinin müavini Theoharis
Theoharis ilə həmsədrlik etdiyimiz Hökumətlərarası Komissiyanın VI
iclasını keçirdik. İkitərəfli tərəfdaşlığın bütün istiqamətlər üzrə
genişləndirilməsi, yeni layihə və təşəbbüslərin reallaşdırılması
imkanlarını nəzərdən keçirdik. Turizm sahəsində 2026-2028-ci illər
üzrə Birgə Fəaliyyət Planının imzalanması, əldə olunan razılaşmalar
iqtisadi tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək”, –
paylaşımda qeyd edilib.

Qeyd edək ki, Afinada Azərbaycan Respublikası Hökuməti ilə
Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və
texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası
çərçivəsində biznes forumu keçirilib. İxracın və İnvestisiyaların
Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın İnvestisiya və
Ticarətin Təşviqi Agentliyinin (Enterprise Greece) təşkilatçılığı
ilə forumda hər iki ölkənin 90-dan çox şirkəti iştirak edib.




Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib
ki, qlobal iqtisadi münasibətlərin və təchizat zəncirlərinin
yenidən formalaşdığı, şaxələndirilmiş enerji və nəqliyyat
bağlantılarının əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan
Prezidenti İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yaranmış
yeni reallıqlar regional əməkdaşlıq, ticarət və investisiyalar üçün
geniş imkanlar açır. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi,
iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat
bağlantılarının, logistika və rəqəmsal infrastrukturun inkişafı
istiqamətində həyata keçirilən siyasətin ölkənin investisiya
cəlbediciliyini gücləndirdiyi qeyd olunub. Qeyri-neft-qaz
sektorunun ÜDM-də payının 70 faizi ötdüyü, son 20 ildə Azərbaycan
iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya
yatırıldığı diqqətə çatdırılıb.

Azərbaycanın yalnız kapital cəlbində deyil, yeni texnologiya,
bilik və təcrübə gətirən, istehsal və ixrac imkanlarını
genişləndirən uzunmüddətli investisiya tərəfdaşlıqlarında maraqlı
olduğu vurğulanıb. Yunanıstan biznesi üçün enerji, nəqliyyat və
logistika, rəqəmsal iqtisadiyyat, sənaye və istehsal, kənd
təsərrüfatı, qida emalı və turizm perspektivli əməkdaşlıq
istiqamətləri kimi təqdim edilib. Cənub Qaz Dəhlizi ilə formalaşmış
enerji tərəfdaşlığının yaşıl enerji və yeni enerji bağlantıları ilə
genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin artan əhəmiyyəti
vurğulanaraq Azərbaycanın strateji mövqeyi ilə Yunanıstanın liman
və dənizçilik imkanlarının uzlaşdırılmasının Şərq-Qərb
bağlantılarının Aralıq dənizi və Avropa bazarlarına çıxışını
genişləndirə biləcəyi bildirilib.

Yunanıstan biznes dairələri Azərbaycanın investisiya
imkanlarından fəal yararlanmağa, yeni layihələrin həyata
keçirilməsinə və uzunmüddətli tərəfdaşlığa dəvət edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir