
Bakı.Trend:
İspaniyanın bir neçə bölgəsinə yağan güclü yağışlar
artıq daşqınlara və çoxsaylı insidentlərə səbəb olub.
Bu barədə “20 Minutos” qəzeti məlumat yayıb.
Belə ki, əlverişsiz hava, o cümlədən Valensiya və
Kataloniya muxtar icmalarında yerləşən yaşayış məntəqələrinə təsir
edib. Güclü yağışlar səbəbindən bəzi avtomobil yollarının ayrı-ayrı
hissələrində hərəkət məhdudlaşdırılıb.
Tarraqona əyalətinin iki rayonunda sakinlərə
daşqınlar fonunda evlərini tərk etməmələri tövsiyə olunub. Güclü
yağışlar həmçinin dəmir yolu nəqliyyatının fəaliyyətində müvəqqəti
fasilələrə və bir neçə bələdiyyədə dərslərin ləğvinə səbəb
olub.
Bundan əvvəl İspaniyanın Dövlət Meteorologiya
Agentliyi güclü yağışlar səbəbindən ölkənin bəzi bölgələrində
əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq elan edib.

