
Bakı. Trend:
Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən yağ istehsalı
layihəsi həyata keçiriləcək.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Belə ki, “Ağdam Agro Yağ” MMC-yə İqtisadiyyat Nazirliyinin
tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində
olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən Parkın ərazisində investisiya dəyəri 14,2
milyon manat olan yağ istehsalı müəssisəsinin yaradılması
planlaşdırılır. Layihə çərçivəsində rafinə edilmiş və rafinə
edilməmiş günəbaxan, qarğıdalı, soya və pambıq yağlarının istehsalı
nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28
may tarixli Fərmanına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə
yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş
ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı,
sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində
məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet
istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı
məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət,
süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin,
soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkında sahibkarlıq
fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya
mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq,
gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda,
istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il
müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir. Bununla
yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının
subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə
tutulub.
Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye
Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə
yanaşı, ixrac olunur.

