
Bakı.Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Theodore Roosevelt”
aviadaşıyıcı zərbəçi qrupu Yaxın Şərqə yola düşüb.
“Euronews” telekanalının ABŞ rəsmilərinə istinadən verdiyi
məlumata görə, “Nimitz” sinfinə aid atom enerjili aviadaşıyıcı
San-Dieqodan çıxaraq regionda İrana qarşı əməliyyatlar aparan digər
iki ABŞ aviadaşıyıcısına qoşulacaq.
Zərbəçi qrupuna “USS Chosin” kreyseri, esmineslər və F-35C,
F/A-18 “Super Hornet” qırıcıları ilə təchiz edilmiş 11-ci Hava
Qanadı Aviadaşıyıcısı (Carrier Air Wing 11) daxildir.
Bundan əlavə, “USS Makin Island”ın rəhbərlik etdiyi desant
gəmiləri qrupu da San-Dieqodan yola düşüb. Qrupun tərkibində 2
mindən çox dəniz piyadasından ibarət 13-cü Dəniz Piyadaları
Ekspedisiya Bölməsi yerləşdirilib.
AP-nin hesablamalarına görə, yeni yerləşdirmələr Yaxın Şərqə
əlavə 9-10 min ABŞ hərbçisinin göndərilməsi deməkdir. Onların
noyabrın sonunadək bölgəyə çatması gözlənilir. Hazırda Yaxın Şərqdə
ABŞ-nin 50 mindən çox hərbi qulluqçusu var.
Hazırda “USS George H.W. Bush” və “USS George Washington”
aviadaşıyıcıları Ərəb dənizində fəaliyyət göstərir. “Theodore
Roosevelt”in “George Washington”u əvəzləməsi planlaşdırılır.

