
Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur.
Bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının
(YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
“Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji
tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var. Azərbaycanın 10
üzv ölkə ilə belə formatı var. Deyə bilərəm ki, son müddət ərzində
iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji
tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji
tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları
ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki
supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında
təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu
ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün
dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə
Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o
qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan
münasibət, bizim sözümüzə olan inam. Artıq dünyada bilməyən yoxdur
ki, sözümüz imzamız qədər dəyərlidir. Nəyi deyiriksə, onun üstündə
dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa
ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə
münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz
heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən
insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə
aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür.
Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini
diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək,
baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda
dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə
əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb. İkinci
Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə
sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif
variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və
xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu
siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz
emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı
İrəvanın mərkəzində ucaldılardı”.- Prezident İlham Əliyev
deyib.
Qeyd edək ki, dünən Bakıda, Heydər Əliyev Mərkəzində Yeni
Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib.
Qurultaya YAP-ın rayon və şəhər təşkilatları tərəfindən 960
nümayəndə seçilib.
VIII Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək
partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib.
Həmin konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib.
Hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan
vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr
dinlənilib, əldə olunan nəticələr müzakirə edilib.

