
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində fərdi yaşayış
evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar
hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, tikilməkdə
olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində
dağıntı altında qalanların olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı
altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaş,
1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi sağ, digər
vətəndaş, 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə
meyitini dağıntı altından çıxararaq aidiyyəti üzrə təhvil
veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.

