
Bakı. Trend:
Azərbaycanda farmakonəzarət sahəsində fəaliyyətin təşkili
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata
keçirilir.
Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
verilişində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin
Farmakonəzarət şöbəsinin eksperti Fəridə Aslanlı səsləndirib.
Onun sözlərinə görə, 2010-cu ildə Analitik Ekspertiza Mərkəzi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqi və razılığı
əsasında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanın
Milli Farmakonəzarət Mərkəzi kimi tanınıb.
Ekspert qeyd edib ki, farmakonəzarət yalnız Analitik Ekspertiza
Mərkəzinin fəaliyyəti ilə məhdudlaşmır.
“Bu sistemdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı
olmayaraq bütün müalicə-profilaktika müəssisələri, eləcə də dərman
vasitələrinin qeydiyyat vəsiqəsinin sahibləri iştirak edirlər.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisələrdə
farmakonəzarət üzrə məsul şəxslər təyin edilir. Dərman
vasitələrinin təhlükəsizliyi ilə bağlı məlumatlar toplanır,
qiymətləndirilir və aidiyyəti üzrə Səhiyyə Nazirliyinin Analitik
Ekspertiza Mərkəzinə təqdim olunur”.
Fəridə Aslanlı bildirib ki, Azərbaycan ÜST-nin Beynəlxalq Dərman
Monitorinqi Proqramının 130-cu tamhüquqlu üzvü kimi 23 yanvar
2018-ci ildən etibarən tanınıb və proqram çərçivəsində
fəaliyyətini, eləcə də beynəlxalq əməkdaşlığını davam etdirir.
Onun sözlərinə görə, bu əməkdaşlıq nəticəsində Azərbaycanda
qeydiyyata alınmış dərman vasitələrinin əlavə təsirləri barədə
məlumatlar ÜST-nin qlobal farmakonəzarət bazasına ötürülür.
“Bu məlumatlar beynəlxalq səviyyədə dərman vasitələrinin
təhlükəsizliyinin qiymətləndirilməsinə töhfə verir. Əməkdaşlıq həm
ölkəmizdə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin
edilməsinə, həm də qlobal miqyasda dərman təhlükəsizliyi ilə bağlı
məlumat mübadiləsinin gücləndirilməsinə xidmət edir”.

