
Bakı.Trend:
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Avropa
İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Mərkəzi Asiya ölkələrində və
digər regionlarda “Modernising Road Transport” (“Avtomobil
nəqliyyatının modernləşdirilməsi”) proqramını həyata keçirir.
Bu barədə IRU-nun saytında yayımlanan məlumatda deyilir.
“IRU Aİ-nin maliyyə dəstəyi ilə Mərkəzi Asiya
ölkələrində və digər regionlarda peşəkarlığın artırılmasına,
tənzimləmələrin uyğunlaşdırılmasına, rəqəmsal nəqliyyat
sənədlərinin tətbiqinə, sərhəd prosedurlarının təkmilləşdirilməsinə
və TIR sisteminin tələblərinə riayət olunmasına yönəlmiş
“Modernising Road Transport” proqramını həyata keçirir.
Orta Dəhlizin uğuru həm maliyyə yatırımlarından, həm
də ölkələrin, dövlət orqanlarının və sektorun nə dərəcədə səmərəli
əməkdaşlıq etməsindən asılı olacaq”, – deyə məlumatda qeyd
olunur.
IRU əlavə edib ki, islahat məsələləri oktyabrın 14-də
Astanada keçiriləcək IRU-UN-OHRLLS tədbirinin əsas mövzusu
olacaq.
Dünya Bankının hesabatına əsasən, məqsədyönlü
investisiyalar və islahatlar Orta Dəhliz üzrə ticarət həcmini dörd
dəfə artıra, daşımaların müddətini üçdə iki qədər azalda, region
ölkələrinin ÜDM-ni 3,3 faiz artıra və 2040-cı ilədək 2 milyon iş
yeri yarada bilər.
“Bu potensialın reallaşdırılması üçün fiziki
infrastruktura ən azı 25 milyard dollar, həmçinin avtomobil və
dəmir yolu əlaqələri, logistika mərkəzləri, daxili terminallar,
avadanlıqlar və rəqəmsal sistemlər də daxil olmaqla, sözdə
müşayiətedici investisiyalara təxminən 30 milyard dollar sərmayə
tələb olunacaq.
Dünya Bankı əməliyyat və infrastrukturla bağlı
olmayan tədbirləri də dəhlizin qarşısında qalan əsas problemlərdən
biri kimi müəyyən edib. Sərhədlərdə gecikmələri azaltmaq,
sənədləşmə prosesini sadələşdirmək, transsərhəd əməkdaşlığı
gücləndirmək və nəqliyyat, tranzit və ticarət məlumatları üçün
vahid rəqəmsal dəhliz sisteminə keçmək zəruridir”, – deyə məlumatda
bildirilir.
IRU vurğulayıb ki, sərhədlərdə itirilən vaxt Orta
Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına əsas maneələrdən biri
olaraq qalır. Buna görə də prosedurların sadələşdirilməsi və
əməkdaşlığın inkişafı infrastruktur investisiyaları ilə paralel
aparılmalıdır.

