Bakı. Trend:
Bakının Nəsimi rayonunda, 28 May küçəsindən “The Ritz-Carlton
Baku” hotelinə qədər olan ərazidə mövcud tikililərin, asfalt
örtüyünün və dəmir yolunun sökülməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə
Heyətinin sədri Vüqar Oruc Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin ərazidə 12 hektarlıq yeni istirahət
parkının salınması şəhərin bu hissəsinin simasını ciddi şəkildə
dəyişəcək:
“Çünki burada söhbət sadəcə yeni parkın salınmasından getmir.
Layihə çərçivəsində ərazidə mövcud tikililərin, asfalt örtüyünün və
dəmir yolunun sökülməsi nəzərdə tutulur. Nəticədə şəhərin
mərkəzində kifayət qədər böyük ərazi yeni funksional təyinat alaraq
yaşıllıq və ictimai istirahət məkanına çevriləcək”.
Vüqar Oruc bildirib ki, belə layihələr ətraf ərazilərdə daşınmaz
əmlakın bazar dəyərinə birbaşa təsir göstərir:
“Yaşıllıq, park, piyada əlçatanlığı, nəqliyyat infrastrukturu və
ictimai məkanların genişlənməsi həmin ərazinin yaşayış keyfiyyətini
və investisiya cəlbediciliyini artırır. Hesab edirəm ki, layihənin
təsiri, ilk növbədə, 28 May, Dilarə Əliyeva, Rəsul Rza, Rəşid
Behbudov, Bülbül, Xaqani, Səməd Vurğun, Üzeyir Hacıbəyli və Yusif
Səfərov küçələri ətrafında daha çox hiss olunacaq. Xüsusilə yeni
parkla birbaşa təmasda olan və ona piyada məsafəsində yerləşən
mənzillər, kommersiya obyektləri və torpaq sahələri üçün əlavə
dəyər formalaşacaq”.
AQC sədri qeyd edib ki, burada ən mühüm məqamlardan biri torpaq
bazarıdır:
“12 hektarlıq ərazinin yeni ictimai-yaşıl məkana çevrilməsi
həmin lokasiyanın gələcək inkişaf potensialını artırır. Buna görə
də ətraf ərazilərdə torpaq sahələrinin qiymətində mənzil bazarından
daha sürətli artım müşahidə oluna bilər”.
Vüqar Oruc əlavə edib ki, mənzil bazarında qiymət artımı
obyektin parkdan məsafəsinə və parkla vizual əlaqəsinə görə
fərqlənəcək:
“Birbaşa parka baxan və parka yaxın mənzillərdə qiymət artımının
daha yüksək, məsafə artdıqca isə təsirin daha zəif olması
gözlənilir. Lakin konkret faiz göstərmək üçün layihənin yekun
planı, söküntü sərhədləri və parkın faktiki konsepsiyası nəzərə
alınmalıdır. Digər tərəfdən, bu layihənin ətrafında süni qiymət
artımı yaratmaq da düzgün deyil. Layihənin elan olunması ilə
bazarda gözlənti yaranır, tikinti işləri başladıqca bu gözlənti
qiymətlərə təsir edir, park istifadəyə verildikdən sonra isə onun
real bazar effekti formalaşır”.
AQC sədri hesab edir ki, 12 hektarlıq park Bakının bu hissəsində
daşınmaz əmlakın qiymət xəritəsini dəyişdirə biləcək layihələrdən
biridir:
“Burada əsas məsələ yalnız parkın özü deyil, parkla birlikdə
ərazinin bütövlükdə yenidən qurulmasıdır. Bakı inkişaf etdikcə
daşınmaz əmlak bazarında dəyər yaradan amillər də dəyişir. Yaşıl və
ictimai məkanların artırılması artıq yalnız şəhərsalma məsələsi
deyil, həm də əmlakın gələcək kapitallaşmasına təsir edən əsas
faktorlardan biridir”.


