Zəif qorunan verilənlər bazalarına kiberhücumlar digər sistemlərə də yayıla bilər – MKA

Baş səhifə

Bakı. Trend:

Bəzi informasiya sistemlərinə qarşı aktiv kibertəhlükələr
aşkarlanıb. Hücumçular zəif qorunan verilənlər bazalarına icazəsiz
giriş əldə edərək həmin sistemlərdən digər informasiya sistemlərinə
hücumlar üçün istifadə edə bilərlər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Bildirilib ki, ilkin qiymətləndirmələrə əsasən, müşahidə olunan
kiberhücumların müəyyən hissəsində, xüsusilə “Microsoft SQL Server
(MSSQL)” və “Firebird” verilənlər bazası sistemlərində köhnəlmiş
versiyalardan, standart və ya ilkin giriş məlumatlarından istifadə
edildiyi müəyyən olunub.

Bildirilib ki, hücumçular icazəsiz giriş əldə etdikdən sonra
sistemlərdə müxtəlif dəyişikliklər edir və resurslar üzərində daha
geniş nəzarət imkanları qazanmağa çalışırlar. Bəzi hallarda
sistemlərə icazəsiz fayllar yerləşdirilir və onlardan sonrakı
mərhələlərdə giriş imkanlarını genişləndirmək üçün istifadə
olunur.

Agentlik xəbərdarlıq edib ki, hücumların zəncirvari xarakter
daşıması təhlükənin daha geniş şəbəkə infrastrukturuna yayılması və
əlavə sistemlərin riskə məruz qalması ehtimalını artırır.




MKA informasiya sistemlərinin mülkiyyətçilərinə və
inzibatçılarına proqram təminatını, xüsusilə MSSQL və “Firebird”
sistemlərini aktual və istehsalçı tərəfindən dəstəklənən
versiyalara yeniləməyi, standart giriş məlumatlarını dərhal
dəyişdirməyi, mürəkkəb və unikal şifrlərdən istifadə etməyi tövsiyə
edib.

Həmçinin verilənlər bazalarının və digər kritik xidmətlərin
internetdən birbaşa əlçatanlığının məhdudlaşdırılması, girişə
yalnız əvvəlcədən müəyyən edilmiş zəruri IP ünvanlarından icazə
verilməsi, şübhəli faylların və icazəsiz dəyişikliklərin mütəmadi
yoxlanılması, giriş və fəaliyyət jurnallarının mərkəzləşdirilmiş
qaydada toplanaraq monitorinq edilməsi tövsiyə olunur.

İcazəsiz müdaxilə şübhəsi yarandıqda sistem mümkün qədər tez
digər şəbəkə resurslarından təcrid edilməli, MKA-ya və ya
ixtisaslaşmış mütəxəssislərə müraciət olunmalıdır.

Hazırda kibertəhlükələrin əhatə dairəsinin müəyyənləşdirilməsi,
mümkün icazəsiz müdaxilələrin araşdırılması və əlaqəli risklərin
qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir