Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni strateji mərhələyə yüksəlib

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Azərbaycan
Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət
görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində
formalaşmış yeni mərhələnin əsas istiqamətlərini aydın şəkildə
ortaya qoydu.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi
Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü
olması, ilk növbədə, ölkəmizin regionda artan siyasi və iqtisadi
çəkisinin göstəricisidir:

“Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də,
tarixi, mədəni, mənəvi və siyasi baxımdan bu regionun dövlətləri
ilə çox sıx bağlıdır. Ortaq türk kökləri, xalqlarımız arasında
əsrlərlə formalaşmış münasibətlər və müstəqillik dövründə yaradılan
qarşılıqlı etimad bu gün artıq konkret iqtisadi və geosiyasi
layihələrlə tamamlanır. Azərbaycanın Məşvərət formatına tamhüquqlu
üzv qəbul edilməsi də bu yaxınlığın institusional səviyyədə
təsdiqidir.

Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm
məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi
əlaqələrinin sürətlə genişlənməsidir. Ötən il qarşılıqlı ticarət
dövriyyəsinin 50 faizdən çox artması və Azərbaycanda Mərkəzi Asiya
ölkələrinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət
göstərməsi əməkdaşlığın real iqtisadi nəticələr verdiyini göstərir.
Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında
yaradılmış birgə investisiya fondları isə münasibətləri yeni
mərhələyə çıxarmaq üçün mühüm maliyyə mexanizmidir.

Dövlətimizin başçısının vurğuladığı kimi, məqsəd yalnız
qarşılıqlı ticarətin artırılması olmamalıdır. Birgə
investisiyaların qoyulması, yeni istehsal müəssisələrinin
yaradılması və istehsal olunan məhsulların üçüncü ölkələrin
bazarlarına çıxarılması Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin
iqtisadi əməkdaşlığını daha dayanıqlı edə bilər. Bu yanaşma,
əslində, region ölkələrinin iqtisadi potensialının
birləşdirilməsini nəzərdə tutan uzunmüddətli strateji
baxışdır”.

Deputat qeyd edib ki, nəqliyyat sahəsində əməkdaşlıq isə xüsusi
əhəmiyyət daşıyır: “Mövcud geosiyasi şəraitdə Orta Dəhlizin rolu
davamlı şəkildə artır. Azərbaycan Mərkəzi Asiyanı Xəzər dənizi
vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə
birləşdirən əsas nəqliyyat qovşaqlarından biridir. Prezident İlham
Əliyevin açıqladığı rəqəmlər də bunu təsdiqləyir. Ötən il Orta
Dəhliz üzrə tranzit yükdaşımaların 10 faizdən çox, bu ilin ilk
səkkiz ayında isə təxminən daha 20 faiz artması bu marşrutun
perspektivlərinin kifayət qədər böyük olduğunu göstərir. Azərbaycan
tərəfindən limanlara, dəmir və avtomobil yollarına, hava nəqliyyatı
infrastrukturuna yatırılan böyük sərmayələr ölkəmizin bu prosesdəki
rolunu daha da gücləndirir.

Energetika sahəsində də yeni əməkdaşlıq imkanları yaranır.
Azərbaycan artıq Türkmənistan və Qazaxıstandan enerji resurslarının
beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit ölkədir. Bununla
yanaşı, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin
yaradılması istiqamətində görülən işlər göstərir ki, əməkdaşlıq
ənənəvi neft və qaz sahəsindən bərpaolunan enerji istiqamətinə
doğru genişlənir.

Prezidentin çıxışında azad edilmiş Azərbaycan ərazilərinin
bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakına xüsusi yer
ayrılması da təsadüfi deyil. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy
adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq
Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi,
Türkmənistanın isə Füzulidə məscid tikintisinə töhfəsi sadəcə
iqtisadi yardım kimi qiymətləndirilməməlidir. Bunlar Azərbaycan
xalqına göstərilən qardaşlıq münasibətinin və siyasi həmrəyliyin
konkret ifadələridir.

Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya
dövlətləri arasında münasibətlər artıq ayrı-ayrı ikitərəfli
əlaqələrin məcmusu deyil. Xəzərin hər iki sahilində yeni siyasi,
iqtisadi, nəqliyyat, enerji və rəqəmsal əməkdaşlıq məkanı
formalaşır. Azərbaycanın bu prosesdə iştirakı həm ölkəmizin milli
maraqlarına, həm də daha geniş regionda sabitliyin və iqtisadi
inteqrasiyanın güclənməsinə xidmət edir.

Prezident İlham Əliyevin Türkmənbaşıda səsləndirdiyi fikirlər
bir daha göstərir ki, Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərə
uzunmüddətli strateji perspektivdən yanaşır. Qarşılıqlı etimad,
siyasi sabitlik, ortaq iqtisadi maraqlar və birgə infrastruktur
layihələri üzərində qurulan bu əməkdaşlıq gələcək illərdə Avrasiya
məkanında mühüm regional güc mərkəzlərindən birinin formalaşmasına
ciddi töhfə verə bilər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir