
Bakı. Trend:
Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə bağlı Baş nazir
müavinləri səviyyəsində Hökumətlərarası Komissiyanın yaradılması
barədə Azərbaycanın təklifini dəstəkləyir.
Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti tərəfindən
verilən məlumatda bildirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Türkmənistanda
keçirilən ilk Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib ki,
Xəzər dənizi üzrə əməkdaşlığın beynəlxalq hüquqi və institusional
əsasları mövcud olsa da, dənizdə su səviyyəsinin azalması
probleminin həlli üçün görülən tədbirlər kifayət etmir.
O bu il qüvvəyə minməsinin 20 illiyi qeyd olunan Tehran
Konvensiyasının əhəmiyyətini vurğulayıb, həmçinin BMT-nin Ətraf
Mühit Proqramının təbiətin mühafizəsi sahəsində fəaliyyətə verdiyi
mühüm töhfəni qeyd edib.
Tokayev, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizinin su
ehtiyatlarının qorunmasına dair Dövlətlərarası Proqramın
hazırlanması ilə bağlı Qazaxıstanın təklifini bəyəndiklərini
bildirib.
“Lakin görülən tədbirlər yenə də kifayət etmir. Buna görə də
dayazlaşmanın qarşısını almaq, onun nəticələrini yumşaltmaq,
iqtisadiyyatlarımızın və ekosistemlərimizin baş verən
dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədilə razılaşdırılmış
tədbirlərə keçməyin vaxtı çatıb”, – deyə Tokayev bildirib.
Dövlət başçısı, həmçinin Qazaxıstanda təbiətin bərpası ilə bağlı
nümunələr göstərib və onun fikrincə, bu təcrübələr Xəzər dənizinin
qorunması üçün tətbiq oluna bilər.
Prezidentin sözlərinə görə, Şimali Aral dənizinin sahəsi 36 faiz
artıb. Bu, suyun keyfiyyətinin yaxşılaşmasına, balıq ehtiyatlarının
bərpasına və ətraf ərazilərdə iqtisadi həyatın tədricən
canlanmasına töhfə verib.
Tokayev ardıcıl tədbirlər nəticəsində sayğakların sayını bərpa
etməyin, qar bəbirinin populyasiyasını qoruyub saxlamağın və nadir
heyvan növlərini təbii yaşayış mühitinə qaytarmağın mümkün olduğunu
əlavə edib.
O, həmçinin Qazaxıstanın Turan pələnginin yenidən təbiətə
qaytarılması və populyasiyasının bərpası istiqamətində xüsusi
proqram həyata keçirdiyini bildirib və hazırda Qazaxıstanın
şəraitinə uğurla uyğunlaşan bir neçə Amur pələnginin təhvil
verilməsinə görə Rusiyaya və Prezident Vladimir Putinə təşəkkür
edib.

