Zəfər xronikası. 10 oktyabr 2020-ci il: Prezident İlham Əliyev RBK televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci ilin oktyabrın 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə
verib.

Trend
müsahibəni təqdim edir:

-Əvvələn, çox sağ olun ki, bizimlə müsahibəyə razılıq
vermisiniz. Söhbətə başlamazdan əvvəl mən RBK-nın prinsipləri
barədə danışmaq istərdim. Bir neçə gün bundan əvvəl Ermənistanın
baş naziri ilə böyük müsahibə gedib, indi isə burada –
Azərbaycanda, Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyev ilə
söhbət edəcəyik. Daha bir remarka. Mən ilk sualı verməzdən əvvəl
hər iki tərəfdən həlak olanların bütün doğmalarına başsağlığı
vermək istəyirəm. Müharibənin heç kimə lazım olmaması və
müharibəsiz də ötüşməyin mümkünlüyü barədə çox eşitmişəm. Lakin
bundan sonra ən çətini və yəqin ki, ən maraqlısı başlanır.
Danışıqlar başa çatıb. Siz Moskvada baş verənləri necə
qiymətləndirirsiniz? Bütün bunların nə demək olduğunu anlamaq bizim
üçün çox vacibdir.

-Moskvada baş verənləri bütövlükdə müsbət qiymətləndirirəm. Ona
görə ki, danışıqların yekunları ilə bağlı yayılmış bəyanatda
humanitar mülahizələrə əsasən atəşkəs rejiminin elan edilməsi
bildirilir. Prinsipial əhəmiyyətli bir məqam da odur ki, bu,
Azərbaycanın mövqeyi idi. Mən şadam ki, həmin mövqe bu sənəddə öz
əksini tapıb. Ermənistan ilə Azərbaycan arasında substantiv
danışıqlar başlanır, həmçinin danışıqların formatının dəyişməz
qalması təsdiqlənir. Ermənistanın yeni hakimiyyəti bu iki mövqeyi
pozmağa çalışırdı. Ona görə ki, heç kəs üçün sirr deyil, İrəvandan
səslənən bəyanatlar mahiyyət etibarilə uzun illər ərzində işlənib
hazırlanmış danışıqlar prosesini, o cümlədən baza prinsiplərini,
danışıqların formatını pozmağa yönəlmişdi. Buna görə prinsipial
əhəmiyyətli məqam odur ki, Ermənistan tərəfi anlamağa məcbur oldu
ki, baza prinsipləri nizamlama üçün əsasdır, həmin prinsiplərdə isə
münaqişənin necə nizamlanmalı, Azərbaycanın işğal edilmiş
ərazilərinin hansı ardıcıllıqla qaytarılmalı olduğu dəqiq
göstərilib. İkincisi, danışıqların formatı dəyişməz qalır. Bu, o
deməkdir ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında
aparılırdı, aparılır və aparılacaq. Ermənistan rəhbərliyinin bu
məsuliyyəti Dağlıq Qarabağda mövcud olan oyuncaq rejimin üzərinə
qoymaq üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu. Beləliklə,
əminəm ki, bundan sonra Paşinyandan “Qarabağ Ermənistandır”
sözlərini bir daha eşitməyəcəyik. Həmçinin onun belə bəyanatlarını
eşitməyəcəyik ki, Azərbaycan danışıqları qondarma “Dağlıq Qarabağ
respublikası”nın qondarma “rəhbərliyi” ilə aparmalıdır. Əgər o,
belə bəyanatlar verərsə, bu, o demək olacaq ki, o, həm
vasitəçilərə, həm də Moskvada bu mətni razılaşdırmış öz nümayəndə
heyətinə hörmətsizlik edib və mahiyyət etibarilə, o, danışıqlar
prosesini yenidən pozur. Bu dəfə həmin bəyanatlar nəyə gətirib
çıxardı? Zənnimcə, bunu hamı aşkar görür, lakin düşünmürəm ki, o,
ikinci dəfə həmin səhvi təkrarlayar.

-Atəşkəs nə qədər davam edəcək? Bu atəşkəsin
amanabəndliyini Siz necə qiymətləndirirsiniz? O, nədən asılı
olacaq?

-İndiki eskalasiyaya qədər atəşkəs uzun müddət, onilliklər boyu
davam etdi. Təmas xəttində müəyyən toqquşmalar olub, bu il iyul
ayında dövlət sərhədində erməni tərəfinin təxribatları olub. Lakin
son 30 ilə yaxın müddətdə bu qədər genişmiqyaslı əməliyyatlar
olmayıb. Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn,
o, atəşkəsə riayət edəcəkmi? Ona görə ki, bu gün səhər və dünən,
yəni, bu gecə və səhər mənim aldığım məlumata görə, erməni
qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri
göstərib, Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal
istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd
göstərib. Yəni, onlar Moskvada tərəflərin razılığa gələ biləcəyini
başa düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları
maksimum həcmdə özlərinə qaytarmağa çalışıblar. Buna görə də
atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan
bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç
vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç
bir cəhd göstərməməlidir.

Bundan heç də az əhəmiyyətli olmayan ikinci amil indicə haqqında
danışdığım məsələdir. Biz danışıqlar masası arxasında Ermənistan
tərəfindən konstruktiv yanaşma görməliyik, yəqin etməliyik ki,
onlar danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl
çəkiblər, təhrikçi əməllərdən, bəyanatlardan çəkiniblər və
nizamlama yolunun tapılması məqsədinə sadiqdirlər. Son bir il
ərzində erməni tərəfindən gördüklərimiz məhz danışıqlar prosesini
pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmişdi.
Buna görə də baxarıq, biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz
üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Mən
həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir.
Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni
tərəfi özünü necə aparır.

-Danışıqlara başlamaq üçün Azərbaycanın irəli sürdüyü
şərtlərdən biri konkretlik idi. Deyilirdi ki, erməni tərəfi
qoşunların çıxarılması üçün konkret plan təqdim etməlidir. Bu,
Ermənistanın razılaşıb-razılaşmamasından asılı olmayaraq
danışıqların indi başlanması deməkdirmi?

-Bilirsinizmi, biz bunu əsas götürmüşük ki, əlbəttə, münaqişəni
siyasi yolla həll etməyə üstünlük verilməlidir və uzun illər boyu
bizim bütün fəaliyyətimiz buna yönəlmişdi. Bu səbəbdən, dünən və bu
gecə Moskvada aparılmış məsləhətləşmələr çərçivəsində biz onlardan
danışıqlar masası arxasında tam təslim olmalarını tələb etmədik.
Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim
daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi.
İndi daha çox zəifləyib. Mən hesab etmirəm ki, indi Ermənistanda
bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların,
azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar.
Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər
göstərilməsini təkid etmədik. Lakin, şübhəsiz ki, bu, erməni
işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə
çıxarılmasını nəzərdə tutur. Bəyanatda substantiv danışıqlara, yəni
baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret
yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt
azad ediləcək.

-Danışıqlar nə vaxt başlanacaq, bu barədə artıq anlaşma
varmı?

-Biz sabah başlamağa hazırıq. Buna görə hər şey ATƏT-in Minsk
qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır. Bizim
tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən, deməliyəm ki,
bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri
nəzərə alınıb. Bəyanatın ilkin variantı tamam fərqli idi. Dünən mən
onu görəndə dedim ki, bu, bizim üçün münasib deyil. Sənədi həddən
artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışıqlar prosesinin son
mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya
etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək lazımdır.
Yadımdadır ki, orada olmayanları nəzərə aldıq, danışıqlara dərhal
başlamaq bəndinin daxil olunmasını xahiş etdik. Yəni, biz mümkün
qədər tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim
vətəndaşların, qaçqınların, daxili köçkünlərin öz evlərinə
qayıtmalarına imkan verəcək.

-Burada olduğum iki gün ərzində başa düşdüyümə görə
Azərbaycanda bu əhval-ruhiyyədədirlər ki, biz axıradək getməliyik.
İndi azərbaycanlılara necə izah etməli ki, Bakı yenidən danışıqlara
razılıq verib?

-Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Əgər erməni tərəfi
atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi
nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa
çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik. Bizim
məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi
tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi,
azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən
Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə,
keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa
ərazilərə qaytarılması. Buna görə bizim məqsədimiz dəyişməz qalır.
Sadəcə, bu məqsədə doğru necə getməliyik? Biz həmişə siyasi yolla
getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz
sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki,
bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu
danışıqlar daha 30 il davam edərdi. O vaxta qədər nələr baş
verərdi? Qanunsuz məskunlaşdırma. Bu, beynəlxalq cinayətdir,
Cenevrə konvensiyalarının pozulmasıdır. Təəssüf ki, buna heç kəs –
nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermədi.
Azərbaycanın tarixi irsinin dağıdılması, bizim mədəni, tarixi, dini
abidələrin məhv edilməsi, toponimlərin dəyişdirilməsi,
rayonlarımızın inzibati sərhədlərinin dəyişdirilməsi, bizim
dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsi. Yəni,
biz daha 30 il gözləməli olardıq, sonra da bizə deyərdilər ki,
bilirsiniz, iş belə gətirib, bununla barışın. Bizə belə də
deyirdilər. Buna görə düşünürəm ki, hərbi yol və ya onun birinci
mərhələsi sona çatıb, indi biz siyasi nizamlama mərhələsinə
çatmışıq. Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa
görə bizə məxsus olanı almağımızı təmin edəcək. Ona görə düşünürəm
ki, Azərbaycan cəmiyyəti dünən və bu gecə baş verənləri çox düzgün
qəbul edəcək və bizim siyasətimizi bundan sonra da dəstəkləyəcək.
Çünki biz həmişə xalqa həqiqəti demişik. Həmişə xalqın mənafelərini
müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamıya
sübut etdi.

-Siz bütün bu hadisələrə qədər Ermənistanın baş naziri
Nikol Paşinyan ilə bir neçə dəfə görüşmüsünüz. Bu hadisələrdən
sonra Siz onunla bir masa arxasına əyləşməyə və ya danışmağa
hazırsınızmı?

-Bilirsinizmi, böyük etimad bəsləmədiyin adamla danışmaq
çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim
adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda
qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv
etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında
təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu
münaqişənin nizamlanması yolunu tapmalı idik. Ermənistanda yeni
iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla
əlaqələrimiz çox ümidverici idi. Mən bir dəfə bu barədə danışmışam,
təkrarlamaq istəmirəm. Lakin sonra tamam əks hadisələr baş verdi,
yəni, biz özümüzü aldadılmış hiss etdik. Biz başa düşürük ki,
rəqiblə danışıqlar aparırıq, lakin hətta rəqiblə, düşmənlə də
münasibətdə vicdanlı qalmaq, heç olmasa öz qarşısında vicdanlı
olmaq, öz sözünə hörmət etmək lazımdır. Bunlar baş verəndə təbii
ki, bizim bu mənasız fəaliyyəti davam etdirmək istəyimiz aradan
qalxdı. Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya
KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla
nə barədə danışmaq olar? Yəqin onlar öz ölkələrində yalan danışmağa
adət ediblər. Lakin internet dövründə tarix barədə, münaqişənin
mahiyyəti barədə yalan danışanda bu yalan çox tezliklə ifşa olunur.
Buna görə mən belə imkanı istisna etmirəm, lakin bunun üçün müəyyən
şərait lazımdır. İndiki mərhələdə mən bunu səmərəli hesab etmirəm.
Əksinə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki,
Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq
olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç
kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin
Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların
hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu
etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə
Ermənistanı xilas etməyə gəldi.

-Siz indicə Rusiyanın rolu barədə danışdınız. Yəni, bu
danışıqlarda Rusiyanın rolu həqiqətən həlledici olub.

-Əlbəttə, Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç
ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki,
Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla
ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır.
Şübhəsiz, bu rol xalqlarımızın tarixinə və qarşılıqlı əlaqələrinə,
həmçinin Rusiyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və
roluna əsaslanır. Buna görə, əlbəttə, münaqişənin nizamlanmasına
təsir göstərmək üçün Rusiyanın imkanları bu obyektiv səbəblərə görə
hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə
çoxdur. Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət
etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək
vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki,
işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə
deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu
mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə
edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan
Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya
tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən
təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar
dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar
haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz
göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin
olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir.
Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və
İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı,
sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı
ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada
başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam
asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid
göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb
keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya
qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma
baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki
vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini
tapmaqdır. Bu həll isə çox sadədir – onlar bizim ərazidən getməli,
öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz
yenidən yanaşı yaşamağa çalışmalıyıq.

-İndi başqa ölkə – Türkiyə haqqında soruşmaq istəyirəm.
Bu günlər ərzində Azərbaycanı və şəxsən Sizi dəfələrlə bunda
ittiham ediblər ki, əslində, bu münaqişə ilə bağlı bütün məsələləri
Türkiyənin hakimiyyət orqanları idarə edirlər. Dünən, bu gecə biz
Türkiyəni danışıqlar masası arxasında görmədik. Nə
üçün?

-Bu, onu göstərir ki, bütün bu fikirlər yalan idi, bu, qəsdən
ortaya atılmış məsələ idi, burada bir neçə məqsəd vardı. Əvvələn,
Türkiyəni daha da iblisləşdirmək. Təəssüf ki, Qərbdə bu məqsəd
müasir siyasi modanın hansısa normasına çevrilir. Bu, tamamilə
əsassızdır. Türkiyə öz maraqlarını güdür, öz həyatını yaşamaq
hüququnu qoruyur. Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin
itaətkar müttəfiqi olmağa son qoyub. O, həm öz regionunda, həm də
dünyada öz şərtlərini diktə edir. Türkiyə ilə hesablaşırlar.
Türkiyənin nüfuzu artıb. Türkiyə ordusu NATO-da ikinci yeri tutur.
O, istənilən hərbi-siyasi problemi həll edə bilər. Buna görə
əlbəttə, Qərb tərəfindən bu cür açıq təzyiq göstərilir. Bu təzyiq
hətta Türkiyəyə münasibətdə hansısa çox qəribə və mənfi emosional
fonla bağlıdır. Yəni, birinci səbəb Türkiyəni iblisləşdirmək
istəyidir. İkinci səbəb Azərbaycanın potensialını, o cümlədən
hərbi-texniki potensialını azaltmaq və belə təsəvvür yaratmaq
cəhdidir ki, hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan
başqa birisi həll edib. Xeyr, biz öz torpaqlarımızı özümüz azad
etmişik. Belə adlandırılan “müzəffər erməni ordusu” haqqında mif
puç oldu, əslində, belə ordu yox idi. Münaqişənin tarixinə dərindən
bələd olanlar çox gözəl bilirlər ki, bizim torpaqlarımız, o
cümlədən sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən işğal
edilib. Xankəndidə yerləşən bu alaydakı hərbi qulluqçuların məncə
70 faizi erməni mənşəli idi. Yəni bu, şəxsi heyəti ermənilərdən
ibarət olan sovet silahları, sovet komandanlığı idi. Onlar həm
etnik təmizləmələrdə, həm də soyqırımında fəal rol
oynayırdılar.

-Siz yəqin ki, 1990-cı illərin əvvəllərindəki hadisələri
nəzərdə tutursunuz…

-Şübhəsiz. 366-cı alayın dəstəyi və fəal iştirakı olmasaydı,
Ermənistan bizim əraziləri tuta bilməzdi. Ona görə bundan sonra
belə bir mif yarandı ki, erməni ordusu müzəffərdir, Azərbaycan
Ordusu onun qarşısında dayana bilməz. Buna görə bu mifi saxlamaq
lazım idi, amma Azərbaycan tərəfindən acı məğlubiyyətə
uğradıldığını etiraf etmək görünür, Ermənistan cəmiyyəti və
Ermənistan rəhbərliyi üçün çox ağır idi. Üçüncüsü, onlara dünya
arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq lazım idi.
Bunu etmək isə çox çətindir. Ona görə ki, bu gün dünya ölkələri ilə
Azərbaycanın çoxşaxəli iqtisadi və siyasi əlaqələri var. Bu gün biz
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edirik və
yekdilliklə seçilmişik. Əgər bizim ölkəmiz müstəqil potensiala
malik olmasaydı, bu cür hörmət qazana bilərdikmi? Buna görə
Azərbaycanın Türkiyə tərəfindən idarə edilməsi və bizim onun
iradəsini yerinə yetirməyimiz barədə bütün insunasiyalar tamamilə
yalandır. Bu, həm də Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya
müəyyən qədər zəiflətməyə yönəlib, lakin baş tutmayacaq. Yeri
gəlmişkən, Azərbaycan və Türkiyə ətrafında bütün bu informasiya
hay-küyü üçün əsas olsaydı, bugünkü bəyanat olmazdı. Bu bəyanat
mənimlə razılaşdırılıb, başqa heç kimlə. Əgər bizi kimlərsə idarə
etsəydi, onda yəqin ki, məsələ belə tezliklə həll edilməzdi.
Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır.
Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin
eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü
ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı. Buna görə
hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim
regionda, o cümlədən münaqişənin həllində daha böyük rol
oynamalıdır.

-İndi Rusiyada çoxları “Türkiyə daha böyük rol
oynamalıdır” frazasını eşidəcəklər. Bu sözlərin arxasında hansı
məna var? Siz nəyi nəzərdə tutursunuz?

-Fikrimcə, bu barədə danışmaq hələ tezdir, çünki mən Azərbaycan
tərəfin mövqeyini bildirirəm. Lakin yaxın vaxtlarda müsahibələrimin
birində demişəm ki, Minsk qrupu neçə illər bundan əvvəl – 1992-ci
ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalaşıb.
Əgər biz vasitəçilərin təmas qrupunu bu gün formalaşdırsaydıq, onun
tərkibi fərqli olardı. Bu qrupun tərkibi münaqişə tərəflərinin
niyyətlərini və istəklərini əks etdirməlidir. Minsk qrupunun
tərkibi isə praktiki olaraq bunları əks etdirmir. Yeni təmas
qrupunun və ya hansısa işçi qrupun, – onu necə adlandırmaq vacib
deyil, – tərkibi regionda mövcud qüvvələr tarazlığını, region
ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə
istiqamətlənməlidir. Əks halda, bunun nə mənası var? Bunun heç bir
mənası yoxdur. Əgər biz münaqişəni həll etmək istəyiriksə, o, yeni
format çərçivəsində həll olunmalıdır. Baxın, son vaxtlar bir sıra
qaynar nöqtələr barəsində ölkələrin mövqelərini razılaşdırmaq üçün
nə qədər yeni əməkdaşlıq formatı yaradılıb – üçtərəfli,
dördtərəfli. Axı, onlar indi yaradılır, hansısa ehkamlar əsasında
deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada
əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanması işində
mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada – hüquqi,
yoxsa de-fakto həyata keçirilməsi artıq texniki məsələdir.

-Rusiyanın rolu barədə. Mən Bakıda gəzəndə çoxlu
Azərbaycan bayrağı gördüm, bir qədər az, lakin yenə də çox sayda
Türkiyə bayrağı gördüm və bircə dənə də Rusiya bayrağı görmədim.
Bu, o deməkdirmi ki, Azərbaycanda Rusiyanın təsiri azalıb və ya
Azərbaycanda insanların Rusiyaya münasibəti dəyişib?

-Düşünmürəm ki, münasibət dəyişib. Türkiyə bayraqlarının çox
olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə
Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin
səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa,
hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır
və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın
rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq
tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik
kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu,
sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar.
Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və
əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan
bayraqlarını görərsiniz.

Rusiyaya münasibət məsələsinə gəldikdə isə sizə bir fakt göstərə
bilərəm. Pandemiyaya qədər bizdə Azərbaycana səfər edən Rusiya
vətəndaşlarının sayı hər il təxminən 15-20 faiz artırdı. Keçən il
bu göstərici bir milyona yaxın olub. Mən həmişə demişəm,
rusiyalıları buraya cəlb edən təkcə bizim mətbəximiz, təkcə
çimərliklər, təkcə tarix deyil, həm də odur ki, onlar burada
özlərini rahat hiss edirlər. Öz mühitlərində olduğu kimi hiss
edirlər, burada insanlarla rus dilində danışırlar. Yəqin bilirsiniz
ki, bizdə, Azərbaycanda təhsilin rus dilində olduğu neçə məktəb
var. Onların sayı 300-dən çoxdur. Heç yerdə belə deyil. Rusiya ali
məktəbləri, onların filialları. Rusiyanın musiqi, teatr
kollektivləri pandemiyaya qədər demək olar ki, hər həftə burada
olurdu. Buna görə də Rusiyaya və Rusiya Federasiyasında yaşayan
ruslara Azərbaycanda yalnız müsbət münasibət var. Siz artıq bir
neçə gündür ki, buradasınız və erməni işğalı amilinin insanların
ovqatına nə dərəcədə təsir göstərdiyini bilirsiniz. İnsanlar hər
bir sözü, hər bir jesti, hər bir mimikanı duyurlar. Əlbəttə, açıq
deməliyəm, bu müddətdə, bu günlər, bu həftələr ərzində bəzi Rusiya
kanallarında qatı antiazərbaycan təbliğatını, tok-şouların
iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar
heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusiyanın aparıcı
telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir
ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır. Mən bu
məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam. O mənada yox
ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri
Azərbaycanın daxilində formalaşır. O mənada ki, belə münasibət
haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara
bilər. Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf
etdirməyi planlaşdırırıq. Hazırda biz iqtisadi və digər sahələrdə
əməkdaşlıq üzrə beş yol xəritəsi üzərində fəal iş aparırıq. Siyasi
baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya
mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai
fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu
vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin
səyləri lazım gələcək.

-Sizə daha iki sualım var. Yadınızdadırmı, sentyabrın
27-də gecə və ya səhər çağı cavab verməyə başlamaq lazım olması, bu
müharibəyə başlamaq lazım olması barədə qərar necə qəbul
edildi?

-Qərarlar, praktiki olaraq, avtomatik rejimdə qəbul edilir.
Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün müəyyən təlimatlar
var. Düşünürəm ki, bunlar hər orduda var. Təhlükə halında, hücum
halında sən necə hərəkət etməlisən. Yəni, burada necə hərəkət etmək
barədə tərəddüd etmirdik. Xüsusən ona görə ki, biz bu hücumu
gözləyirdik. Eskalasiyadan bir neçə gün əvvəl mən bu barədə BMT-nin
kürsüsündən danışmışdım. Mənim çıxışımın mətninə baxa bilərsiniz. O
vaxt mən demişdim ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanı
dayandırmaq lazımdır. Bunun üçün dəlillər çox idi. Əvvələn,
Ermənistanın müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat.
Özü də o, bəyan etmişdi ki, Ermənistan yeni ərazilər üçün yeni
müharibəyə hazırlaşır. Sonra Paşinyanın “Qarabağ Ermənistandır”
məzmunlu bəyanatları və sair. Daha sonra Livandan olan ermənilərin
nümayişkaranə şəkildə Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi
hərəkətlər müharibə cinayətidir. Daha sonra Şuşada, yeri gəlmişkən,
işğalçı rejimin orada mövcud olduğu müddətdə ilk dəfə qondarma “andiçmə” mərasimi keçirməklə Azərbaycan xalqının təhqir edilməsi.
Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Xankəndidən
Şuşaya köçürmək cəhdi və bir sıra başqa əməllər. Bütün bunlar bizə
qarşı təxribat idi. Sonra iyul hadisələri. Bizim hərbi
mövqelərimizə təxribatçı hücumlar. Elə ilk saatlarda biz dörd hərbi
qulluqçumuzu, sonra bir mülki vətəndaşımızı itirdik. Sonra avqust
hadisəsi. Goranboy rayonunda təmas xəttindən keçmiş təxribat
qrupunun başçısı indi ifadə verir. Biz gözləyirdik, biz hazır idik.
Təbii ki, qərar, o cümlədən mənim tərəfimdən avtomatik rejimdə, heç
bir tərəddüdsüz qəbul edildi. Biz təcavüzkarı yerində oturtmalı
idik. İyul ayında Azərbaycan cəmiyyəti bunun davam etdirilməsini
tələb edirdi. Yəqin ki, siz bunu bilirsiniz.

-Bəli, mitinq olmuşdu.

-Bəli. İyul ayında mitinqdə səslənən əsas şüar belə idi: “Ali
Baş Komandan, bizə silah ver!” İnsanlar belə deyirdilər. İyul
ayında biz Ermənistanla dövlət sərhədini rahatca keçərək Ermənistan
Respublikasının geniş ərazilərini tuta bilərdik, amma biz bunu
etmədik.

-Bu hadisələr Qarabağda olmamışdı.

-Tamamilə doğrudur. Biz bunu etmədik. Orada heç bir çətinlik yox
idi və biz bunu indi göstərdik, 30 il ərzində ciddi
eşelonlaşdırılmış müdafiə xəttini qırdıq, orada relyef özü müdafiə
üçün münasibdir. Biz aşağıdan yuxarıya getdik, beton plitələri
sındırdıq, Azərbaycan Ordusunun qeyri-adi səyləri, əsgərlərimizin
və zabitlərimizin qəhrəmanlığı lazım gəldi. Oradan Ermənistanın
istənilən nöqtəsinə keçmək bizim üçün çox asan idi. Lakin mən bunu
dayandırdım, dedim ki, yox, biz bunu etməyəcəyik, biz onlar
deyilik. Biz Ermənistanın beynəlxalq aləmdə tanınmış ərazisinə
keçməyəcəyik və biz sərhədə qədər getdik, oraya soxulmuş
işğalçıları qovduq və dayandıq. Yəni bundan sonra biz təcavüzkarı
cəzalandırmalı idik ki, o, bir də bizim tərəfə baxmağa belə cəsarət
etməsin. Biz bunu etdik, baxın, görün indi Paşinyan necə rəzil
vəziyyətdədir. Alçalır, zəng edir, yalvarır, daha kimlərə zəng
etmir. Avropa İttifaqı hökumətlərinin başçılarına. Bəs, o, nə tələb
edir? Onların “Dağlıq Qarabağ respublikası”nı tanımasını tələb
edir. Yəni bu, Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat
olmasına dəlalət edir. Azərbaycan ilə Avropa İttifaqı arasında
sazişlər var, – onlardan biri 2 il bundan əvvəl paraflanıb, – orada
deyilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə,
suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət edir. Avropa
İttifaqının üzvü olan yeddi ölkə ilə bizim strateji tərəfdaşlığımız
haqqında sənədlər var. Bu ölkələrin hamısı Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. “Dağlıq Qarabağ respublikası”nın tanınmasını
siyasətdən və beynəlxalq sahədə hər hansı biliklərdən tamamilə uzaq
olan adam tələb edə bilər. Görün, onlar nə həddə çatıblar. Biz
onları cəzalandırmalı idik. Biz onlara yerlərini göstərməli idik
ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan başa gəlməyəcək.
Belə də oldu. O, anaların göz yaşlarına, cəbhəyə göndərdikləri
Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə cavab
verəcək.

-Azərbaycanın qaytardığı ərazilərlə bağlı vəziyyət necə
olacaq, orada indi nə edəcəklər?

-Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Bu insanların
sevincini, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının, Hadrutun təqribən
30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini
təsəvvür edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş
videokadrları nümayiş etdiririk. Bu kadrlardan görünür ki, orada
hər şey dağıdılıb. Biz bunu bilirdik. Bu, Stalinqraddan da
betərdir. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib.
Başa düşürsünüzmü, onlar hətta pəncərə çərçivələrini də, unitazları
da oğurlayıblar. Bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış
quldurluqdur. Ona görə də biz bu əraziləri bərpa edəcəyik.

-Təzədən tikəcəksiniz?

-Təzədən, əlbəttə. Biz kömək edəcəyik. Biz məcburi köçkünlər
üçün tikinti proqramına əsasən təkcə bu il 7 min mənzil istifadəyə
verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə 5 nəfər
nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni
bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər
deməkdir. Zərər çəkmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik.
Köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli
məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən müavinət
alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz
Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq.
Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar
öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat
qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs
alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar.
İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını
təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış
şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy,
erməni tərəfi fikirləşsin. O, indi bunun nə demək olduğunu başa
düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların
hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər
xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə
imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda
rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm
imzalamışdı.

-Siz özünüz həmin ərazilərə getməyə
hazırlaşırsınızmı?

-Əlbəttə. 2016-cı ildə biz Cocuq Mərcanlını işğaldan azad edəndə
mən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinə müraciət edib dedim ki, bu kəndin sakinlərindən öyrənin,
onlar oraya qayıtmaq istəyirlərmi? Ona görə ki, çox illər keçib,
onların çoxu Bakıdadır, çoxlarının işi, uşaqları, məktəbləri var,
çoxları Azərbaycanın digər regionlarında yaşayır. İş yerini
dəyişmək, xüsusən hər şeyin dağıdıldığı yerə dəyişmək o qədər də
asan məsələ deyil. Bilirsinizmi, bir müddətdən sonra mənə
bildirdilər ki, həmin adamlar növbəyə düzülüblər. Hətta heç vaxt
orada olmamış, sonradan doğulmuş gənclər də. Hamısı xahiş edirdi
ki, tezliklə oraya qaytarılsınlar və biz bir ildən az müddətdə 150
evdən ibarət qəsəbə saldıq, orada məktəb, tibb müəssisəsi, məscid
və bütün infrastruktur obyektləri tikdik, qaz, yol çəkdik. Bu,
bizim qayıtmağımızın rəmzi oldu. Mən oraya gedəndə və bu insanların
üzündəki fərəhi, sevinc göz yaşlarını görəndə bir daha özümə dedim
ki, biz hökmən öz evlərimizə qayıdacağıq və əlbəttə, oranı bərpa
edəcəyik. Bu illər ərzində əziyyət çəkmiş, öz doğma yurdlarının
həsrəti ilə dünyasını dəyişmiş insanların ruhu şad olsun, onların
övladları isə həyatlarının qalan hissəsini xoşbəxt yaşasınlar.

-Çox sağ olun.

-Sağ olun.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir