
Bakı. Trend:
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Bakı Limanı və Bakı
Metropoliteninin inkişafı ilə bağlı layihələri dəstəkləyir.
Bunu AIIB-nin 2-ci region üzrə dövlət sektoru müştəriləri ilə iş
üzrə Baş direktoru Syaohun Yanq Trend-ə müsahibəsində deyib.
Syaohun Yanq Bakı Limanı və daha geniş Ələt ərazisinin Orta
Dəhlizin inkişafında strateji mövqeyə malik olduğunu bildirib.
“Bakı Limanı və daha geniş Ələt ərazisi strateji mövqedə
yerləşir. Liman və logistika infrastrukturuna davamlı
investisiyalar bu rolu gücləndirə bilər. Yükaşırma imkanlarının
artırılması, səmərəli multimodal daşımalar, müasir logistika
xidmətləri, rəqəmsal yük idarəetməsi və daha geniş nəqliyyat
şəbəkəsi ilə effektiv bağlantılar dəhliz boyunca yüklərin daha
proqnozlaşdırıla bilən və səmərəli hərəkətinə töhfə verə bilər”, –
deyə o bildirib.
AIIB rəsmisi qeyd edib ki, Bakı Limanı layihəsinin
hazırlanmasına artıq master-planın hazırlanması ilə başlanılıb.
“Daha geniş mənada, Bakı Limanı və Ələt logistika ekosisteminin
gücləndirilməsi Azərbaycanın inkişaf məqsədlərinə töhfə verməklə
yanaşı, daha geniş regional bağlantı imkanları da yaradacaq”, –
deyə Syaohun Yanq əlavə edib.
Bakı metrosunun genişləndirilməsi şəhər mobilliyini
yaxşılaşdıracaq
Syaohun Yanq AIIB-nin 2026-cı ilin fevralında Bakı
Metropoliteninin genişləndirilməsi layihəsinin birinci mərhələsi
üçün 180 milyon ABŞ dolları məbləğində maliyyələşdirməni
təsdiqlədiyini xatırladıb.
“Birinci mərhələ “Dərnəgül” və “Xocəsən” depolarının tikintisi
və təchizatını, həmçinin Yaşıl xəttin mövcud stansiyalarında
məqsədyönlü təkmilləşdirmələri nəzərdə tutur. Bu investisiyalar
xidmətlərin etibarlılığını, texniki xidmətin səmərəliliyini və
əməliyyat təhlükəsizliyini artıracaq.
Həmçinin “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlərin
ayrılmasına imkan yaradacaq və hökumətin Bakı Metropoliteninin
genişləndirilməsi proqramında nəzərdə tutulan gələcək genişlənməni
dəstəkləmək üçün şəbəkənin əlavə imkanlarını formalaşdıracaq.
Təklif olunan ikinci mərhələ isə dörd yeraltı stansiya, müasir
siqnalizasiya və kommunikasiya sistemləri daxil olmaqla, Yaşıl
xəttin 7,4 kilometr uzadılması hesabına bu təməli daha da
genişləndirə bilər.
Ümumilikdə bu investisiyalar Bakı metrosunun xidmətlərinin
tutumunu, etibarlılığını və səmərəliliyini gücləndirməklə yanaşı,
yüksək tutumlu ictimai nəqliyyata çıxışı genişləndirə bilər.
Uzunmüddətli perspektivdə daha cəlbedici və səmərəli ictimai
nəqliyyat sistemi daha az emissiyalı şəhər mobilliyinə keçidi
dəstəkləyə və iqlim və ətraf mühit məqsədlərinə töhfə verə
bilər.
Çoxtərəfli inkişaf bankı baxımından proqramın əhəmiyyəti
ayrı-ayrı investisiyalardan daha genişdir. Söhbət Bakının
inkişafını dəstəkləyə, sakinlərin nəqliyyata çıxışını yaxşılaşdıra,
şəhər infrastrukturunun uzunmüddətli səmərəliliyini və
dayanıqlılığını gücləndirə biləcək dayanıqlı şəhər nəqliyyat
sisteminin formalaşdırılmasından gedir.
Mərhələli yanaşma həmçinin infrastrukturun, əməliyyat
imkanlarının və şəbəkənin genişləndirilməsinin şəhərin dəyişən
nəqliyyat ehtiyaclarına uyğun olaraq tədricən inkişaf etdirilməsinə
imkan verir”, – o bildirib.

