
Bakı.Trend:
Azərbaycan və Türkiyə təkcə ikitərəfli ticarətin inkişafını
deyil, həm də digər bazarlara birgə çıxışı nəzərdə tutan iqtisadi
əməkdaşlığın yeni mərhələsinə keçməlidir.
Bu barədə çərşənbə axşamı Bakıda Türk Dövlətləri Fintex
Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə keçirilən və türk
dövlətlərinin nümayəndələrinin iştirak etdiyi fintex missiyası
çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət
müşaviri Gülizar Yavaş bildirib.
Onun sözlərinə görə, Azərbaycanda və digər türk dövlətlərində
biznes fəaliyyəti zamanı ticarət münasibətlərinin və ikitərəfli
əlaqələrin xüsusiyyətlərini nəzərə almaq lazımdır.
“Bakıya gəldiyiniz zaman, digər ölkələrdə olduğu kimi, əhalinin
sayını, ümumi daxili məhsulu, xarici ticarət göstəricilərini və
əmtəə dövriyyəsinin həcmini öyrənirsiniz. Bu məlumatlar əsasında
burada biznesin necə aparılacağına dair müəyyən gözləntilər
formalaşır. Lakin Azərbaycanda və türk respublikalarının
əhəmiyyətli hissəsində fərqli iqtisadi mexanizmlər fəaliyyət
göstərir. Buna görə də bu regionda biznes qurarkən bütün bu
xüsusiyyətləri nəzərə almaq lazımdır.
Azərbaycana nəzər saldıqda, qarşıdakı dövrdə iqtisadi asılılığı
azaltmaq məqsədilə müxtəlif sektorlara investisiyalar yatırmağı
planlaşdıran bir bazar görürük. Digər tərəfdən, bu, uzun illər
ərzində bir çox sahədə birgə fəaliyyət və strateji tərəfdaşlıq
əsasında münasibətlər qurduğumuz bazardır”, – deyə o bildirib.
G.Yavaş qeyd edib ki, Azərbaycan bazarında biznes fəaliyyəti
Dubay və ya Almaniya bazarlarında işləməkdən fərqlənir. Bunun
səbəbi ikitərəfli münasibətlərin sıx əlaqələrə və qarşılıqlı
etimada əsaslanmasıdır. Onun sözlərinə görə, əməkdaşlığın daha da
inkişafı tərəflərin yalnız Azərbaycanda birgə biznes qurmasını
deyil, həm də digər bazarlara çıxaraq birlikdə inkişaf etməsini
nəzərdə tutan yeni yanaşma tələb edir.
“Biz burada həqiqətən də birlikdə fəaliyyət göstəririk, lakin
gələcək addımlarımız məsələyə yeni baxış tələb edir. İndiyədək
tətbiq olunan biznes metodlarının çərçivəsindən kənara çıxaraq
digər istiqamətlərdə əməkdaşlığa keçməliyik”, – deyə o
vurğulayıb.
Fintex sektorunun inkişafına toxunan G.Yavaş ötən ildən etibarən
ödəniş sistemləri, rəqəmsallaşma, rəqəmsal xidmətlər və maliyyə
sahələrində fəaliyyət göstərən çoxsaylı Türkiyə şirkətlərinin
nümayəndələrinin Azərbaycana səfər etdiyini bildirib. Onun
sözlərinə görə, belə səfərlərin sayı və Azərbaycana maraq tədricən
artır.
“Dünyada bütün sahələrdə ciddi dəyişikliklər baş verir. Ticarət
sistemləri, logistika və ödənişlərlə bağlı problemlərin qarşıdakı
dövrdə, ehtimal ki, daha da artacağı gözlənilir. Buna görə də bütün
ölkələrə pul vəsaitlərinin hərəkətini asanlaşdıran, eyni zamanda
təhlükəsizliyi təmin edən sistemlər lazımdır”, – deyə o qeyd
edib.
Qeyd edək ki, Oktyabrın 13-də Bakıda Türk Dövlətləri Fintex
Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə “Bakı Fintex Sektoru
Ticarət Heyəti Proqramı” keçirilir.Tədbirdə Azərbaycan, Türkiyə və
Qazaxıstanın maliyyə və fintex sektorlarının nümayəndələri iştirak
edirlər.
Proqram çərçivəsində türk dövlətlərində rəqəmsal ödənişlərin
inkişaf perspektivləri, maliyyə texnologiyalarının tənzimlənməsinə
yanaşmaların uyğunlaşdırılması və ödəniş sistemlərində yeni
texnoloji tendensiyalar müzakirə olunur.

