Milli Məclis Qırğızıstanla imzalanan bir sıra sənədləri ratifikasiya edib

Baş səhifə

Bakı. Trend:

Milli Məclis Azərbaycan Respublikası ilə Qırğız Respublikası
arasında imzalanan bir sıra sənədləri ratifikasiya edib.

Trend-in
iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli
Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq
edilməsi barədə qanun layihəsi

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Müqavilə” 31 iyul 2026-cı il
tarixində Çolpon-Ata şəhərində, Azərbaycan və Qırğız
Respublikalarının dövlət başçıları tərəfindən imzalanıb.

Müqavilənin məqsədi tərəflərin müstəqilliyinə, suverenliyinə və
ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli
əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdir.

Müqavilə 21 maddədən ibarətdir.

Razılaşmaya əsasən, tərəflər bir-birinə qarşı yönəlmiş heç bir
bloklarda iştirak etməmək, iki dövlətin strateji tərəfdaşlığına və
müttəfiqlik münasibətlərinə xələl gətirən fəaliyyətlərdən çəkinmək
öhdəliklərini təsdiq edirlər.

Tərəflər xarici siyasət sahəsində qarşılıqlı fəaliyyət göstərir
və ümumi maraq kəsb edən beynəlxalq məsələlər üzrə məsləhətləşmələr
aparırlar.

Müqaviləyə əsasən, tərəflər təhlükəsizliyin təmin edilməsi,
sülhün və sabitliyin qorunması məqsədilə beynəlxalq-hüquqi
öhdəliklərini və öz milli qanunvericiliklərini nəzərə almaqla,
hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirmək, hərbi sahədə
kadr və mütəxəssis hazırlığı və potensialının artırılması
istiqamətində qarşılıqlı fəaliyyəti dərinləşdirməyə razılıq
verirlər.

Tərəflər, həmçinin, iki ölkənin parlamentləri arasında
əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə, dostluq
qrupları xətti ilə və üzv olduqları beynəlxalq parlamentlərarası
təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə yardım göstərməyi
razılaşdırırlar.

Müqavilədə tərəflər digər istiqamətlər — energetika, bərpa
olunan enerji mənbələri, nəqliyyat, logistika, yüksək
texnologiyalar, rəqəmsal inkişaf, kənd təsərrüfatı, turizm,
ticarət-iqtisadi, investisiya, elm, təhsil, mədəniyyət, idman,
incəsənət və s. üzrə əməkdaşlığın inkişafına yardım ilə bağlı
razılığa gəlirlər.

Tərəflər beynəlxalq terrorizm, ekstremizm, separatizm və s. kimi
təhlükəsizliyə qarşı təhdidlərə qarşı mübarizədə əməkdaşlığın daha
da inkişaf etdirilməsi üçün səyləri birləşdirirlər.

Bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz
tərkib hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən
dəyişikliklər və əlavələr edilə bilər.

Müqavilənin icrası zamanı yarana biləcək fikir ayrılıqları
danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcək.

Müqavilə onun ratifikasiyası ilə bağlı tərəflərin sonuncu yazılı
bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən
qüvvəyə minir.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız
Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil
əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası
Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında
Saziş” 31 iyul 2026-cı il tarixində Çolpon-Ata şəhərində
imzalanıb.

Saziş tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların
əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma
şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük
daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət
edir.

Sənəd 24 maddədən ibarətdir.

Sazişə uyğun olaraq, hər iki dövlət ərazisində qeydiyyatda olan
avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün
açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və
sərnişinlərin müntəzəm və qeyri-müntəzəm avtomobil daşımaları
həyata keçirilir.

Razılaşmaya əsasən, sərnişinlərin avtobuslarla müntəzəm
daşınması tərəflərin səlahiyyətli orqanları arasında əvvəlcədən
razılaşdırılmaqla təşkil olunur və bununla bağlı təkliflər digər
tərəfə əvvəlcədən verilir. Bu təkliflər daşıyıcının adı, marşrutu,
hərəkət cədvəli, tarifi, dayanacaq nöqtələri, planlaşdırılan dövr
və müntəzəmlik barədə məlumatları ehtiva etməlidir. Avtobuslarla
qeyri-müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi üçün isə
tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr tələb
olunur.

Tərəflər arasında, onların ərazisindən tranzitlə, həmçinin
üçüncü dövlətlərə yüklərin daşınması prosesi tərəflərin
səlahiyyətli orqanları tərəfindən verilən icazələr əsasında
qeydiyyatdan keçmiş yük avtonəqliyyat vasitələri ilə həyata
keçirilir. Təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması
üçün xüsusi icazə tələb olunur. Bəzi yük daşımaları üçün isə icazə
tələb edilmir (poçt göndərişləri, ölülərin cəsədləri və külləri,
teatr dekorasiyaları və s.).

Razılaşmaya əsasən, ağır xəstələrin daşınması, avtobuslarla
sərnişinlərin müntəzəm daşınması, heyvanların və tez xarab olan
yüklərin daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və
sanitar nəzarəti prioritet qaydada həyata keçiriləcək.

Bu Sazişin müddəaları tərəflərdən birinin dövlətinin milli
təhlükəsizliyinə zərər gətirə biləcək tranzit daşımalara
məhdudiyyətlərin tətbiq edilməsini istisna etmir.

Sazişin müddəalarının icrası və beynəlxalq avtomobil daşımaları
sahəsində yaranan məsələlərin həlli üçün tərəflər Qarışıq Komissiya
yaratmağa razılaşırlar.

Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mümkün fikir
ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll
ediləcək.

Sazişə tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz tərkib
hissəsi olan və ayrıca protokollarla rəsmiləşdirilən düzəliş və
əlavələr edilə bilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız
Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf
Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə
dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq
edilməsi barədə qanun layihəsi

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası
Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun
yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə
dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” 31 iyul
2026-cı il tarixində Çolpon-Ata şəhərində imzalanıb.

Saziş iki dövlət arasında investisiya əməkdaşlığının
genişləndirilməsi və birgə investisiya layihələrinin
maliyyələşdirilməsi üçün Azərbaycan-Qırğız İnkişaf Fondunun
nizamnamə kapitalını artırmaq məqsədi daşıyır.

Yeni dəyişikliyə əsasən, qeyd olunan Sazişin 4-cü maddəsində və
Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnaməsinin 6-cı maddəsinin
2-ci bəndində 2024-cü il aprelin 24-də imzalanmış “Azərbaycan
Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti
arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında
2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi
haqqında Əlavə Saziş” ilə “100 000 000 (yüz milyon) ABŞ dolları”
həcmində müəyyən edilmiş nizamnamə kapitalının məbləği “200 000 000
(iki yüz milyon) ABŞ dolları” ilə əvəz edilir.

Bu Əlavə Saziş Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişin
qüvvədən düşdüyü gündən öz qüvvəsini itirir.

Hər üç qanun layihəsi müzakirələrdən sonra səsverməyə
qoyularaq bir oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir