
Bakı. Trend:
Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında dron hücumuna
məruz qalan “CHELSEA-3” yük gəmisində olan 8 Azərbaycan
vətəndaşının hamısı xilas edilib, onlardan biri hərbi hospitala
yerləşdirilib.
Bunu Trend-in
sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, oktyabrın 13-də gecə saat 01:30 radələrində
Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz
akvatoriyasında “CHELSEA-3” adlı yük gəmisi dron hücumuna məruz
qalıb.
Ayxan Hacızadə qeyd edib ki, 15 nəfərdən ibarət gəmi heyətində
olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib. Onlardan
1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna
şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə
saxlanılır.
Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib,
onların vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Nazirlik rəsmisi bildirib ki, məsələ ilə bağlı Azərbaycanın
diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli
qurumları ilə koordinasiya işləri aparılır.
“Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin
göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının
təşkili istiqamətində zəruri tədbirlər görülür”, – deyə Ayxan
Hacızadə vurğulayıb.
O, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və
təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər
etməkdən çəkinməyə çağırıb. Həmçinin belə ərazilərdə və riskli
marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara
dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti
ilə məşğul olmağın təhlükəli olduğunu diqqətə çatdırıb.

