
Bakı. Trend:
2026-cı ilin birinci yarısında Azərbaycanda investisiya
şirkətlərinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə
60 faiz artaraq 2,4 milyon manata çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə
Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabat dövründə investisiya şirkətlərinin xalis mənfəəti 900
min manat artıb. Mənfəətin yüksəlməsi əsasən müştəri sifarişlərinin
və portfel idarəetməsi üzrə gəlirlərin artması ilə əlaqələndirilib.
Bununla yanaşı, investisiya şirkətlərinin kapitalın gəlirliliyi
göstəricisində də artım müşahidə olunub.
2026-cı ilin ilk yarısında investisiya şirkətlərinin müştəri
aktivləri 18 faiz və ya 472 milyon manat azalaraq 2,1 milyard manat
təşkil edib. Azalmaya əsas təsir göstərən amil xarici bazarlarda
broker xidmətləri üzrə müştəri aktivlərinin aşağı düşməsi olub.
Belə ki, xarici bazarlarda broker xidmətləri üzrə müştəri
aktivləri 25 faiz və ya 552 milyon manat azalaraq 1,7 milyard
manata enib.
Bununla yanaşı, investisiya şirkətlərinin kapital mövqeyi
kifayət qədər yüksək səviyyədə qalıb. 2026-cı ilin birinci
yarısının sonuna onların məcmu kapitalı 51,2 milyon manat, tələb
olunan kapitalı isə 8,7 milyon manat təşkil edib. Bu göstəricilər
investisiya şirkətlərinin kapital tələblərini qarşılamaq üçün
kifayət qədər kapital ehtiyatına malik olduğunu göstərir.

