31-ci Xəzər İnşaat Həftəsinə start verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

14 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionun inşaat
sektorunda aparıcı sənaye platformalarından olan 31-ci Xəzər İnşaat
Həftəsinin (“Caspian Construction Week”) rəsmi açılış mərasimi
keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki,
tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Xəzər İnşaat Həftəsi çərçivəsində
keçirilən “Rebuild Garabagh” və “BakuBuild” sərgilərinin
iştirakçılarına ünvanladığı müraciət səsləndirilib.

Daha sonra açılış mərasimində Laçın rayonunda Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov,
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Bəşir Hacıyev, İtaliya Respublikasının Azərbaycan
Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Luka Di
Canfrançesko, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri
Rəhman Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin Sədr müavini Dövlətxan Dövlətxanov,
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay
Qasımzadə və “ICA Events” şirkətinin Baş direktoru Edvard Strachan
çıxış ediblər.

Çıxışlar bitdikdən sonra açılış mərasiminin iştirakçıları və
qonaqlar sərgilər üzrə turda iştirak ediblər.   

Xəzər İnşaat Həftəsi 14-16 oktyabr tarixlərində təşkil olunur.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan
edilməsi fonunda “Caspian Construction Week” dayanıqlı şəhər
inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti
texnologiyaları və infrastrukturun modernləşdirilməsi baxımından
xüsusi əhəmiyyət daşıyır. 30 illik tarixə malik Xəzər İnşaat
Həftəsi bu gün artıq milli brend kimi tanınır.

Həftə çərçivəsində “BakuBuild” – 31-ci Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi, “Rebuild Garabagh” – 6-cı Azərbaycan Beynəlxalq
Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, “Aquatherm
Baku” – 18-ci Beynəlxalq İstilik, Havalandırma,
Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu
Sərgisi və “Plastex Caspian” – 5-ci Xəzər Beynəlxalq Plastik və
Polimer Sənayesi Sərgisi bir məkanda – Bakı Ekspo Mərkəzində təşkil
olunur. “Caspian Construction Week” ilə eyni tarixlərdə “Road &
Traffic” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai
Nəqliyyat Sərgisi də keçirilir.

“Rebuild Garabagh” sərgisi işgüzar, sosial və mədəni
istiqamətləri özündə birləşdirərək Qarabağın gələcək inkişafı üçün
təcrübə mübadiləsinin aparıldığı və yeni ideyaların formalaşdığı
mühüm platforma rolunu oynayır.

Sərginin ayrılmaz hissəsi onun sosial missiyasıdır: Hər il
ənənəvi olaraq işğaldan azad olunan ərazilərin bərpası və yenidən
qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün
təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən
Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci
ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 187 611.47 AZN
dəyərində ianə bağışlanmışdır. Bu ənənə sərginin mühüm elementidir
və gələcəkdə də davam etdiriləcəkdir.

Qarabağda bərpa və yenidənqurma işlərinin davam etdirilməsi ilə
yanaşı, regionda daimi məskunlaşma, iqtisadi fəallıq,
investisiyaların cəlb olunması və uzunmüddətli dayanıqlı inkişaf
məsələləri getdikcə daha böyük əhəmiyyət qazanır. Bu yeni mərhələ
“Rebuild Garabagh” sərgisinin konsepsiyasında da öz əksini
tapıb.

Belə ki, “Rebuild Garabagh” sərgisi sosial missiyasını və
Qarabağın inkişafına töhfə verməyi davam etdirməklə yanaşı, özü də
yeni mərhələyə qədəm qoyur. 2027-ci ildən etibarən sərgi bərpadan
inkişafa keçidi ifadə edən yeni konsepsiya əsasında təşkil
olunacaq.




Bu transformasiya Qarabağ bölgəsində genişmiqyaslı bərpa və
yenidənqurma prosesindən uzunmüddətli inkişaf mərhələsinə keçidi və
əməkdaşlıq üçün yeni imkanların formalaşmasını əks etdirir.
Konsepsiya dəyişikliyi bərpa və yenidənqurma prosesinin başa
çatması deyil, sərginin əhatə dairəsinin genişlənərək Qarabağın
uzunmüddətli iqtisadi, sosial və infrastruktur inkişafını da əhatə
etməsi deməkdir.

Konsepsiyaya uyğun olaraq, tədbir 2027-ci ildə “7-ci Azərbaycan
Beynəlxalq Qarabağın İnkişafı Sərgisi” adı altında keçiriləcək.
Buna uyğun olaraq sərginin yeni loqotipi də hazırlanıb. Loqotipdə
yer alan “From Rebuilding to Development” — “Yenidənqurmadan
inkişafa” konsepsiyası Qarabağda həyata keçirilən genişmiqyaslı
bərpa işlərindən dayanıqlı inkişaf, investisiya və yeni biznes
imkanlarının formalaşdırılması mərhələsinə keçidi ifadə edir.

Yeni konsepsiya çərçivəsində sərgi Qarabağın iqtisadi və
investisiya potensialının beynəlxalq auditoriyaya təqdim edilməsi,
regiona müasir texnologiyaların və biznes təşəbbüslərinin cəlb
olunması, yerli istehsalın təşviqi, eləcə də dövlət və özəl sektor
arasında əməkdaşlığın genişləndirilməsi üçün beynəlxalq platforma
rolunu daha da gücləndirəcək.

Həftə çərçivəsində “BakuBuild” sərgisində tikinti və istehsalat
avadanlıqları, tikinti materialları, döşəmə, interyer və memarlıq
həlləri, işıqlandırma və izolyasiya sistemləri, keramika və üzlük
daşı, metal məmulatları, pəncərə və qapılar, landşaft həlləri və
digər istiqamətlər üzrə məhsul və texnologiyaları nümayiş
etdirilir. “Rebuild Garabagh” işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinə
beynəlxalq şirkətlərin, texnologiyaların və investisiyaların cəlb
edilməsinə xidmət edir. “Aquatherm Baku” istilik, havalandırma,
kondisionerləşdirmə, su təchizatı və santexnika sahələrini,
“Plastex Caspian” isə plastik və polimer sənayesində xammal,
istehsal texnologiyaları və hazır həlləri əhatə edir.

Xəzər İnşaat Həftəsində 270-dən çox şirkət iştirak edir.
İştirakçılar arasında Azərbaycanla yanaşı, Almaniya, Avstriya,
Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Ruminiya, Rusiya, Türkiyə
və Ukraynadan olan şirkətlər yer alır. Almaniya, İtaliya və
Özbəkistan sərgidə milli pavilyonlarla təmsil olunur.

İtaliyanın “Caspian Construction Week”də iştirakını xüsusi qeyd
etmək lazımdır. 2026-cı ildə İtaliya Xəzər İnşaat Həftəsində
iştirakını genişləndirərək, Italian Trade Agency-nin (ITA)
təmsilçiliyi ilə tədbirin tərəfdaşı statusunda çıxış edir. ITA,
həmçinin sərginin təqdimat zonasının sponsorudur. Eyni zamanda
İtaliya bu il sərgidə iki pavilyonla təmsil olunur. Onlardan biri
Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca
ekspozisiyadır. Siciliya Muxtar Regional Hökuməti tərəfindən təşkil
edilən rəsmi kollektiv pavilyonda Siciliyanı təmsil edən 18 şirkət
adanın istehsal ənənələrini, sahə üzrə təcrübəsini və texnoloji
yeniliklərini təqdim edir. Siciliya regional ekspozisiyasında təbii
daş emalı, qabaqcıl material mühəndisliyi, dekorativ tamamlama
həlləri, interyer dizaynı, enerji səmərəliliyi və müasir tikinti
texnologiyaları üzrə məhsul və həllər nümayiş etdirilir.

Bundan əlavə, bu il “Rebuild Garabagh” sərgisi çərçivəsində açıq
hava ekspozisiyası təşkil olunub. Burada Rusiya istehsalı olan
müasir kənd təsərrüfatı texnikası və avadanlıqları, eləcə də
istehsalçıların innovativ texnoloji həlləri nümayiş etdirilir. Bu
ekspozisiyanın təşkil olunmasında əsas məqsəd kənd təsərrüfatı
maşınqayırması sahəsində Rusiya–Azərbaycan əməkdaşlığının
inkişafına, Rusiya istehsalı olan texnikanın Azərbaycan bazarında
tanıdılmasına və istehsalçı şirkətlərin ixrac imkanlarının
genişləndirilməsinə töhfə verməkdir. Sərgi çərçivəsində Rusiya
istehsalçıları ilə Azərbaycanın aqrar-sənaye və biznes
ictimaiyyətinin nümayəndələri arasında işgüzar görüşlər və
danışıqlar keçiriləcək, yeni tərəfdaşlıq və təchizat imkanları
müzakirə olunacaq.

Xəzər İnşaat Həftəsində dövlət qurumları və ölkənin aparıcı
institusional strukturları da öz stendləri ilə geniş təmsil olunur.
İştirakçılar sırasında İqtisadi Zonaların İnkişafı Agentliyi
(İZİA), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi, “AzerGold” QSC, Kiçik və Orta Biznesin
İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – KOBİTA ,
eləcə də Ələt Azad İqtisadi Zonası (AFEZ) yer alır.

Ələt Azad İqtisadi Zonası bir neçə ildir ki, ardıcıl olaraq
“Rebuild Garabagh” sərgisində öz stendi ilə iştirak edir,
fəaliyyəti və investisiya imkanları barədə sərginin peşəkar
auditoriyasına məlumat təqdim edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında,
Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin
kəsişməsində yerləşən AFEZ yüksək əlavə dəyər yaradan və
ixracyönümlü istehsal layihələrinin cəlb edilməsinə istiqamətlənib.
Qurum investorlara hazır sənaye torpaq sahələri,
mühəndis-kommunikasiya və logistika infrastrukturu, eləcə də fiskal
və qeyri-fiskal təşviqlər təqdim edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir