
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun
üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul
edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat
yayıb.
Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini,
bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində
ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul
edilməsini məmnunluqla xatırladı və qeyd etdi ki, bununla da
əlaqələrimiz yeni səviyyəyə qalxıb.
Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlətimizin başçısı
ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının
Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanla Çinin
strateji tərəfdaşlığına dair qəbul edilmiş Birgə Bəyanatın
əhəmiyyətinə toxunan Vanq Yin vurğuladı ki, Çin Azərbaycanın
etibarlı və uzunmüddətli tərəfdaşıdır.
Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi
yaratdığı deyən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin uğurlu və dinamik inkişafını qeyd etdi, bütün bunlara
Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini
bildirdi.
Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim
dəstəklədiyini qeyd etdi, ölkəmizin beynəlxalq və regional
məsələlərdə artan rolunu xüsusi vurğuladı.
O, Azərbaycanın AQEM-də sədrliyi, həmçinin ölkəmizin bu
təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə
təbriklərini çatdırdı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev
öz növbəsində Çinin dinamik inkişafını qeyd edərək, bu ölkənin
Qlobal Cənubun maraqlarını təmsil etməsinin və davamlı inkişafa
verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini
bildirdi.
Dövlətimizin başçısı ölkəmizin “Vahid Çin” siyasətini daim
dəstəklədiyini vurğuladı.
Prezident İlham Əliyev, həmçinin “Bir kəmər, bir yol”
layihəsinin önəmini qeyd etdi və Azərbaycanın buna dəstək verən ilk
ölkələrdən biri olduğunu xatırladı.
Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlətimizin
başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş
imkanların olduğunu bildirdi.
Qonaq Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət
olduğunu vurğuladı.
Prezident İlham Əliyev dedi ki, hazırda iqtisadi-ticari
əlaqələrimiz də siyasi əlaqələrin ruhuna uyğun olaraq fəal inkişaf
edir. Bu xüsusda dövlətimizin başçısı Çin şirkətlərinin
Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını
qeyd etdi.
Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq
məsələlərinə toxunuldu, ölkələrimizin separatizm, ekstremizm və
radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulandı.

