Azərbaycan-Laos münasibətləri qarşılıqlı etimada söykənir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində müxtəlif regionlar və
dövlətlərlə qarşılıqlı maraqlara, etimada və bərabərhüquqlu
tərəfdaşlığa əsaslanan münasibətlərin şaxələndirilməsi prioritet
təşkil edir. Bu kontekstdə Cənub-Şərqi Asiya regionunun
perspektivli ölkələrindən biri olan Laos Xalq Demokratik
Respublikası ilə əlaqələrin yeni mərhələyə qaldırılması
respublikamızın beynəlxalq əməkdaşlığının genişləndirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu günlərdə Laos Xalq Demokratik Respublikasının Prezidenti
Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri, oktyabrın 13-də
Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə keçirilən
görüşləri ikitərəfli münasibətlərin gələcək inkişaf dinamikasını
müəyyənləşdirən siyasi hadisə oldu. Səfər çərçivəsində “Azərbaycan
Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə
Bəyanat”ın qəbul olunması, müxtəlif sahələri əhatə edən sənədlərin
mübadilə edilməsi və dövlət başçılarının mətbuata bəyanatlarla
çıxışları ikitərəfli tərəfdaşlığın institusional əsaslarını daha da
möhkəmləndirdi.

İki ölkə arasında diplomatik münasibətlərin 30 ildən artıq bir
dövrü əhatə etməsi siyasi dialoq üçün sağlam zəmin formalaşdırıb.
Azərbaycan və Laos beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən
parlamentlərarası platformalarda ardıcıl olaraq sıx əməkdaşlıq edir
və bir-birini dəstəkləyirlər. Prezident İlham Əliyev mətbuata
bəyanatla çıxışında vurğulayıb ki, iki ölkə arasında siyasi
əlaqələr uzun illərdir uğurla inkişaf edir:

“Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr
qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar
çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək
göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da
belə olacaqdır”.

Bu möhkəm siyasi zəmin iki ölkə arasında iqtisadi və humanitar
sahələrdə real nəticələrin əldə olunmasını daha da sürətləndirir.
Beynəlxalq müstəvidə nümayiş etdirilən qarşılıqlı dəstək və
həmrəylik ikitərəfli tərəfdaşlığın gələcək inkişafı üçün etibarlı
zəmanətdir.

Məhz bu siyasi etimadın və yüksəksəviyyəli dialoqun mərkəzində
duran əsas hədəf mövcud potensialı iqtisadi, humanitar və texnoloji
sahələrdə real, praktik nəticələrə çevirməkdir. Səfər zamanı qəbul
edilən Birgə Bəyanat və əməkdaşlığa dair imzalanan sənədlər
münasibətlərin gələcək yol xəritəsini müəyyən edir. Dövlətimizin
başçısının qeyd etdiyi kimi, qəbul edilmiş Birgə Bəyanat əslində
bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq
istiqamətlərini müəyyənləşdirir.

Siyasi dialoqun yüksək səviyyəsinə baxmayaraq, iki ölkə arasında
ticarət dövriyyəsinin mövcud potensialdan aşağı olması iqtisadi
əlaqələrin intensivləşdirilməsini zəruri edir. Bu istiqamətdə
sahibkarlar arasında birbaşa təmasların qurulması, investisiya
imkanlarının öyrənilməsi və birgə layihələrin təşviqi müstəsna rol
oynayır. Oktyabrın 14-də Bakıda Azərbaycan-Laos biznes forumunun
keçirilməsi biznes dairələrinin bir-birini daha yaxından tanıması,
tərəfdaşlıq imkanlarını qiymətləndirməsi və konkret təşəbbüslər
irəli sürməsi üçün mühüm platforma rolunu oynayır. Enerji, faydalı
qazıntıların işlənməsi və kənd təsərrüfatı sahələri qarşılıqlı
sərmayə qoyuluşu üçün böyük perspektivlər vəd edir. İnvestisiya
fəaliyyətinin genişləndiyini vurğulayan Prezident İlham Əliyev qeyd
edib ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə
genişlənir:

“Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda,
sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar
səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı
göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda
verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri
formalaşır”.

Müasir dövrdə nəqliyyat və logistika imkanlarının birgə
qiymətləndirilməsi də Azərbaycan-Laos tərəfdaşlığının mühüm tərkib
hissələrindən biridir. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində,
xüsusilə Orta dəhliz layihəsində artan strateji rolu,
genişləndirilmiş liman və dəmir yolu infrastrukturu beynəlxalq
yükdaşımalar üçün geniş imkanlar yaradır. Laosun qonşu dövlətlərlə
dəmir yolu bağlantılarını inkişaf etdirməsi isə regional və qlobal
nəqliyyat şəbəkələrinin inteqrasiyasına şərait yaradır. İki ölkənin
nəqliyyat marşrutlarının kəsişmə imkanlarına toxunan dövlətimizin
başçısı bildirib:

“Müzakirə etdiyimiz məsələlərdən biri də bağlantılar və
nəqliyyatdır. Cənab Prezident bildirdi ki, onların qonşu ölkələrlə
dəmir yolu bağlantıları layihələri icra edilir və onlar icra
olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da
bağlana bilər”.

İkitərəfli münasibətlərin digər mühüm dayağı təhsil və humanitar
sahələrdəki ənənələrdir. Sovet dönəmində iki mindən çox laoslu
tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması
xalqlarımız arasında səmimi dostluq körpüsü yaradıb. Bu ənənənin
yenidən canlandırılması, Laos gəncləri üçün Azərbaycanda təqaüd
proqramlarının təşkili, ali məktəblər arasında təcrübə və
mütəxəssis mübadiləsinin həyata keçirilməsi humanitar əlaqələri
yeni müstəviyə daşıyacaq.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata
keçirilən bərpa işləri fonunda mina təhlükəsi ilə mübarizə,
təhlükəsiz təmizləmə texnologiyalarının və təcrübənin paylaşılması
da humanitar təhlükəsizliyin təmin edilməsi baxımından faydalı
əməkdaşlıq sahələrindən biridir.

Eyni zamanda, bu rəsmi səfərin Bakıda keçiriləcək Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yeddinci
Zirvə görüşü ərəfəsinə təsadüf etməsi Azərbaycanın Asiya qitəsində
dialoq və etimadın möhkəmlənməsinə verdiyi töhfəni bir daha nümayiş
etdirir.

Ümumilikdə, Laos Prezidentinin Azərbaycana səfəri, keçirilən
yüksəksəviyyəli görüşlər və təşkil olunan biznes forumu iki dövlət
arasında diplomatik münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu göstərir. Qarşılıqlı hörmətə, milli maraqlara və
uzunmüddətli tərəfdaşlığa söykənən əlaqələr ticarət dövriyyəsinin
artırılması və birgə layihələrin gerçəkləşməsi ilə hər iki xalqın
rifahına və regional əməkdaşlığın güclənməsinə xidmət edəcək.

Xanlar Fətiyev

Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir