
Bakı. Trend:
Orta Dəhlizə potensial investisiyalar region ölkələri üçün dünya
iqtisadiyyatına daha dərindən inteqrasiya perspektivləri açır.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun
(BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad
Azur brifinq zamanı bildirib.
“Son bir neçə ildə Mərkəzi Asiya və Qafqaz ölkələrinin
əksəriyyətində iqtisadi artım templəri əvvəlki dövrlə, yəni 2022-ci
ilə qədərki mərhələ ilə, eləcə də dünyanın bir çox digər ölkələri
ilə müqayisədə daha yüksək olub”, – deyə o bildirib.
Azur qeyd edib ki, bu ölkələr investisiya və miqrasiya
axınlarının istiqamətinin dəyişməsi, investisiyaların artması və
ticarət marşrutlarının yenidən istiqamətləndirilməsi nəticəsində
müəyyən üstünlüklər əldə ediblər.
“Nəticədə, son illərdə bu ölkələrdə iqtisadi artım templəri
regionun əksər digər dövlətləri ilə müqayisədə daha yüksək olub.
Proqnozlarımıza əsasən, 2026–2027-ci illərdə artım templəri
tədricən bir-birinə yaxınlaşacaq. Bununla yanaşı, ayrı-ayrı
ölkələrin iqtisadi dinamikasında müəyyən fərqlər də müşahidə
edirik.
Bu, xarici amillərlə yanaşı, güclü institusional baza,
pul-kredit və büdcə-vergi siyasətini səmərəli həyata keçirmək
qabiliyyəti, eləcə də region ölkələri arasında koordinasiya və
əməkdaşlığın dərinləşməsi də daxil olmaqla, daxili şəraitin məcmusu
ilə bağlıdır”, – deyə o əlavə edib.
Bununla yanaşı, Azurun sözlərinə görə, son illərdə iqtisadi
artımın sürətlənməsi inflyasiyanın güclənməsi risklərini də üzə
çıxarıb.
“Buna görə də ölkələrə inflyasiyanın cilovlanmasına xüsusi
diqqət yetirməyi davam etdirməyi və pul-kredit siyasətindən əsas
tənzimləmə aləti kimi istifadə etməyi tövsiyə edirik.
Şübhəsiz ki, müxtəlif şoklar və dünya iqtisadiyyatında
parçalanmanın dərinləşməsi regional əməkdaşlığın, eləcə də bu
ölkələrin dünyanın qalan hissəsi ilə əlaqələrinin
gücləndirilməsinin əhəmiyyətini artırıb.
Orta Dəhlizə potensial investisiyalar, Çin, Avropa və hətta
Yaxın Şərqlə ticarətin genişləndirilməsi imkanları region ölkələri
üçün dünya iqtisadiyyatına daha dərindən inteqrasiya perspektivləri
açır”, – deyə o bildirib.
Azur əlavə edib ki, ölkələr artıq bu imkanların reallaşdırılması
üçün zəruri olan infrastruktura investisiyalar yatırırlar.
“Lakin bu proses müəyyən vaxt tələb edə bilər. İnfrastruktur
investisiyaları ilə yanaşı, institusional mühitin
təkmilləşdirilməsi, özəl sektorun rolunun genişləndirilməsi, dövlət
müəssisələrində islahatların aparılması və dövlətin iqtisadiyyatda
iştirakının azaldılması da tələb olunacaq”, – deyə o bildirib.

