“Anglo Asian Mining” 9 ay ərzində rekord həcmdə mis istehsal edib

Baş səhifə

Bakı.Trend:

“Anglo Asian Mining” şirkəti 2026-cı ilin yanvar-sentyabr
aylarında 14 354 ton mis istehsal edib.

Şirkətin yenilənmiş hesabatında bildirilir ki, ötən ilin eyni
dövründə bu göstərici 3 476 ton təşkil edib. Beləliklə, illik
müqayisədə mis istehsalı dörd dəfədən çox artıb.

2026-cı ilin üçüncü rübündə də mis istehsalında artım davam
edib. Belə ki, ikinci rübdəki 5 129 tonla müqayisədə üçüncü rübdə 5
514 ton mis istehsal olunub.

Şirkət “Dəmirli” mədəninin noyabrın sonunadək tam istehsal
gücünə çatacağını gözləyir.

“Ortamüddətli inkişaf strategiyamıza uyğun olaraq, şirkət
2026-cı ildə əsasən mis istehsalı üzrə ixtisaslaşmış istehsalçıya
çevriləcək”,-deyə “Anglo Asian Mining”dən bildirilib.




“Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Rza Vəziri
bildirib ki, şirkət istehsal strukturunda misin üstünlük təşkil
etdiyi orta miqyaslı istehsalçıya çevrilməyi nəzərdə tutan
ortamüddətli strategiyasını həyata keçirmək üçün əlverişli
mövqedədir.

“Ötən rüb əməliyyat fəaliyyətimizdə davam edən irəliləyişdən
məmnunuq. “Dəmirli” mədənində hasilatın tədricən artırılması
sayəsində mis istehsalı ardıcıl olaraq hər rüb yüksəlib. İşlər
qrafikə uyğun davam edir və mədənin noyabrın sonunadək tam istehsal
gücünə çatması gözlənilir”, – o deyib.

Qeyd edək ki, “Anglo Asian Mining plc” Azərbaycanda istehsal və
geoloji kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl
istehsalçısıdır.

Şirkət 2030-cu ilədək bir neçə aktivə malik orta miqyaslı mis və
qızıl istehsalçısına çevrilməyi nəzərdə tutan inkişaf
strategiyasını həyata keçirir. Mis artıq şirkətin əsas məhsuluna
çevrilib. Proqnozlara görə, 2030-cu ilədək illik mis istehsalı
təxminən 50–55 min tona çatacaq.

İstehsalın artırılması 2027–2030-cu illərdə üç yeni mədənin –
“Xarxar”, “Qaradağ” və “Zəfər” mədənlərinin istismara verilməsi
hesabına təmin ediləcək. Bu mədənlərdə hasilata müvafiq olaraq
2025-ci ilin may və iyul aylarında başlanmış “Gilar” və “Dəmirli”
mədənlərini tamamlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir