
Bakı.Trend:
Pakistan ümumi sülh, təhlükəsizlik və rifah məqsədlərinə nail
olmağa kömək edə bilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri Müşavirəsinin (AQEM) gücləndirilməsinə sadiq qalır.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Pakistanın
Azərbaycandakı səfiri Qasım Mohiuddin cümə axşamı Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının
(AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.
O qeyd edib ki, otuz ildən artıqdır ki, AQEM müxtəlif siyasi
sistemlərə, mədəniyyətlərə və baxışlara malik ölkələri etimad və
dialoq vasitəsilə təhlükəsizliyin möhkəmləndirilməsi prinsipi
ətrafında birləşdirir.
“Gəlin elə bir Asiya quraq ki, orada mübahisələr dinc yolla həll
olunsun, suverenlik və beynəlxalq hüquq qorunsun, terrorizm
sığınacaq tapmasın, inamsızlığı etimad əvəz etsin, inkişaf etmiş
qarşılıqlı əlaqə isə imkanlar və rifah yaratsın”,- deyə o
bildirib.
Səfir vurğulayıb ki, təşkilat Azərbaycan sədrliyi ilə daha çox
uğurlar qazanmağa davam edəcək.
Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının
(AQEM) Yeddinci Sammiti keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start
verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın
Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında
praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri
nəzərdən keçiriləcək.
“Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı
Büyümə” şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə
Sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq
edib.
AQEM-in institusional inkişafı getdikcə regional prioritetləri
biznes və icmalar üçün maddi faydalarla birləşdirən praktiki
əməkdaşlığa çevrilir.

