
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp səmada qeyri-adi dərəcədə yüksək
sürətlə hərəkət edə bilən naməlum obyektlər gördüklərini iddia edən
amerikalı hərbi pilotlarla şəxsən söhbət etdiyini bildirib.
O, bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
“Əvvəllər belə şeylərə o qədər də inanmırdım. Elə dostlarım var
ki, yalnız bu barədə danışırlar. Amma onu dəqiq bilirəm ki, biz
kifayət qədər qəribə şeylər görürük”, – deyə ABŞ lideri bildirib.
Onun sözlərinə görə, uçuşlar zamanı qeyri-adi hadisələri müşahidə
etdiklərini söyləyən ABŞ Hərbi Hava Qüvvələrinin beş-altı pilotu
ilə şəxsən söhbət edib.
Tramp qeyd edib ki, pilotlardan biri dairəvi obyekt müşahidə
etdiyini və həmin obyektin, onun iddiasına görə, Amerikanın F-22
qırıcı təyyarəsindən dörd dəfə sürətlə hərəkət etdiyini
bildirib.
“Mən soruşdum: “Bəlkə, bu, kometa və ya başqa bir şey idi?” O
isə cavab verdi: “Xeyr, cənab’, – deyə prezident danışıb.
ABŞ lideri həmsöhbətlərinin konspirasiya nəzəriyyələrinin
tərəfdarları deyil, etibara layiq peşəkarlar olduğunu düşündüyünü
vurğulayıb. Bununla belə, Tramp jurnalistin yadplanetlilərin
mövcudluğu, Yerin yerdənkənar sivilizasiyalar tərəfindən mümkün
ziyarətləri və amerikalı mütəxəssislərin onların ehtimal olunan
texnologiyalarını araşdırıb-araşdırmaması ilə bağlı sualına birbaşa
cavab verməyib.

