Küləkli havada işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək

Baş səhifə

Bakı. Trend:

Küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla
tənzimlənəcək.

Trend-in
iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında
müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, işçilər küləkli havada açıq şəraitli iş
yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən
onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş
dayandırılacaq.

Həmçinin, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda
istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların
texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən
bütün növ işlər hər bir halda dayandırılacaq.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, işçilər
aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə
ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən
onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti
və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında,
temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin
isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən
olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək
haqqı işçilərin tarif maaşına görə ödənilir.




İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri
üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki
hissəsindən az olmayaraq ödənilir.

Qeyd edək ki, qanun layihəsinin hazırlanmasının əsas məqsədi
müasir yükqaldırıcı qurğuların texniki dözümlülük göstəricilərini
nəzərə almaqla Azərbaycan Respublikasının Dəniz Limanları
Reyestrinə daxil edilmiş limanlarda istismar olunan kranların
küləkli hava şəraitində təhlükəsiz və səmərəli istifadəsinə şərait
yaratmaqdır.

Hazırda küləyin gücü 6 bal və daha artıq olduqda quruda
kranlarla görülən bütün növ işlərin dayandırılması nəzərdə tutulur.
Lakin mövcud norma müasir, xüsusilə yeni nəsil qüllə və mobil
kranların texniki imkanlarını və dözümlülük göstəricilərini tam
nəzərə almır. Belə ki, kranın texniki pasportunda daha yüksək külək
sürətində istismara icazə verildiyi halda belə, mövcud
qanunvericilik həmin kranların istifadəsini məhdudlaşdırır.

Beynəlxalq təcrübənin təhlili göstərir ki, bir sıra xarici
ölkələrdə kranların külək şəraitində istismarı zamanı kranın
istehsalçısı tərəfindən müəyyən edilmiş texniki göstəricilər və
təhlükəsiz istismar şərtləri nəzərə alınır.

Bu məqsədlə sözügedən küləyin gücü 6 baldan 8 baladək olduqda
quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin
kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol
verilməsi, küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarda
görülən bütün növ işlərin hər bir halda dayandırılması təklif
edilir.

Dəyişikliyin qəbul edilməsi nəticəsində işçinin təqsiri olmadan
işin dayandırılması hallarının azalması əmək məhsuldarlığının və
layihələrin vaxtında tamamlanmasının təmin edilməsi və iş
prosesinin daha səmərəli təşkili gözlənilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir