FHN Ağdamda minatəmizləmə əməliyyatları ilə bağlı mediatur təşkil edib (FOTO)

Baş səhifə

Ağdam. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş
ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı
Ağdam rayonuna mediatur təşkil edib.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, oktyabrın 16-da keçirilən mediatur
FHN-in İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş
tutub.

Mediatur çərçivəsində jurnalistlərə bildirilib ki, Nazirliyin
Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi
işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi
sursatlardan təmizlənməsi istiqamətində əməliyyatları intensiv
şəkildə davam etdirir.

Vətən müharibəsindən sonra ərazilərin mina və partlamamış hərbi
sursatlardan təmizlənməsi işlərinə digər aidiyyəti qurumlarla
yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub.
Əməliyyatlar müəyyən edilmiş istiqamətlər üzrə kənd və qəsəbələrdə,
içməli su hövzələrinin ətrafında, eləcə də su kanalları boyunca
aparılır. Hazırda Ağdam rayonu ərazisində minatəmizləmə işləri
davam etdirilir.

Qeyd olunub ki, minatəmizləmə əməliyyatlarına cəlb edilən şəxsi
heyət müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200”
markalı məsafədən idarə olunan minatəmizləyən robotlarla təchiz
edilib. Əməkdaşlar müvafiq ixtisasartırma kurslarında iştirak edib
və akkreditasiyadan keçiblər.




İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri ilə
yanaşı, bərpa və quruculuq tədbirləri də davam etdirilir,
sakinlərin doğma yurdlarına qayıdışı həyata keçirilir.

FHN bölgəyə səfər edən və orada daimi yaşayan vətəndaşları,
eləcə də quruculuq işlərində iştirak edən şəxsləri mina təhlükəsinə
qarşı diqqətli olmağa çağırıb. Nazirlik minadan təmizlənməmiş
ərazilərə daxil olmamağı, yalnız müəyyən edilmiş və mina
təhlükəsindən təmizlənmiş yollardan istifadə etməyi, xüsusi
nişanlarla işarələnmiş zolaqlardan kənara çıxmamağı tövsiyə
edib.

Bildirilib ki, bu qaydaların pozulması insan həyatı üçün ciddi
təhlükə yaradır.

Vətəndaşlardan mina, partlamamış hərbi sursat, əraziyə xas
olmayan şübhəli əşyalar və ya ərazinin minalı olduğunu göstərən hər
hansı əlamət aşkar etdikdə onlara toxunmamaları və dərhal FHN-in
“112” qaynar telefon xəttinə məlumat vermələri xahiş olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir