
Bakı. Trend:
Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müzakirələr
oktyabrın 16-da müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin NATO
nümayəndə heyəti ilə görüşündə aparılıb.
Görüş “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü”
təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi
çərçivəsində keçirilib.
Kərim Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan
ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət daşıdığını
bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin
vacibliyini vurğulayıb.
Görüşdə NATO-nun dünyada sülh və təhlükəsizliyin təmin
olunmasındakı rolundan danışılıb, qarşılıqlı səfərlərin, müxtəlif
formatlarda keçirilən görüşlərin, təlim və kursların əhəmiyyəti
qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparıblar.

