Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı

Baş səhifə

Bakı. Trend:

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Yeni
Azərbaycan Partiyasının (YAP) sıralarından çıxarılıb.

Trend xəbər
verir ki, onun üzvlükdən çıxarılması məsələsinə bu gün YAP-ın VIII
Qurultayından sonra keçirilən ilk iclasında baxılıb.

İclasda Ramiz Mehdiyevin YAP sıralarından, həmçinin Veteranlar
Şurasından çıxarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi
Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.

DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları – Ramiz
Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu
Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi
xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və
mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq
fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks
tədbirlər nəticəsində saxlanılıblar.

İttihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları
tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək
məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya
Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan
keçirilən və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın
həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və
İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz
Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri
Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri – Qəhrəmanlı Fuad
Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət
hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya
quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.




Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti
seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun
namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası”
(Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət
orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi
ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi
iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni
tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə,
idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət
göstərən, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından
insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz
oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat
məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas
Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin
törədilməsinə yönəldiblər.

Cinayət işinin materiallarına əlavə edilən texniki sübutlara
əsasən, “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın üzvlərinə
yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər
formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə
Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər
birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici
xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və
kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə
tapşırıqlar verilib.

Bildirilir ki, Ramiz Mehdiyev bu əməlləri ilə dövlət
hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ
keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə
yönələn hərəkətlər edib, xarici dövlətin nümayəndələrinə Azərbaycan
Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək
etməklə dövlətə xəyanət edib.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək
olan müddətdə cinayət yolu ilə əldə edilən 17.000.000 manatdan
artıq pul vəsaitini leqallaşdırıb.

Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin
193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı
leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə
ittiham verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir