
Bakı. Trend:
Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.
2020-ci il oktyabrın 17-də Füzulinin işğalçılardan təmizlənməsi
Azərbaycan Ordusunun müzəffər yürüşünün daha da sürətlənməsi üçün
əlverişli zəmin formalaşdırdı. Cəbrayıl və Hadrutdan sonra
Füzulinin də geri alınması göstərirdi ki, düşmən üzərində tam
qələbə uzaqda deyil.
Füzuli işğaldan öncə Azərbaycanın abad rayonlarından biri idi.
Lakin 1993-cü ilin avqustunda rayonu işğal edən ermənilər burada
daşı daş üstə qoymamışdılar. İşğal dövründə Füzuli şəhəri və
rayonun bütün kəndləri yerlə yeksan olunmuş, təbii sərvətləri
talanmışdı. Azad olunandan sonra Füzulidə qarşılaşdığımız ağır və
acınacaqlı mənzərə erməni xislətinin əsl mahiyyətini bir daha
ortaya qoydu. Prezident İlham Əliyevin dediyi kimi, sanki bu
torpaqlardan vəhşi qəbilə keçmişdi.
Qeyd etmək lazımdır ki, Füzuli rayonunun ərazisi əsasən düzənlik
olduğu üçün işğal dövründə ermənilər burada olduqca mürəkkəb və
gücləndirilmiş müdafiə qurğuları yaratmışdı. Lakin qəhrəman ordumuz
müharibənin ilk saatlarında və ilk həmlədə düşmənin buradakı
mövqelərini yarmışdı. Təsadüfi deyil ki, 2020-ci il sentyabrın
27-də azad olunan 5 kənddən 3-ü Qaraxanbəyli, Qərvənd və Horadiz
Füzulinin kəndləridir. Ordumuz Vətən savaşında ilk şəhidini də
Füzuli rayonunun ərazisində verib.
Ümumiyyətlə, Füzulinin azad edilməsi əməliyyatı Vətən
müharibəsinin ən ağır döyüşlərindən biri olub. Bu döyüşlər Vətən
müharibəsi günlərində Azərbaycan Ordusunun qüdrətinin təcəssümünə
çevrilmiş, qəhrəman əsgər və zabitlərimizin qarşısında tab
gətirməyən düşmən silahını yerə qoyub qaçmışdı. Füzulinin işğaldan
azad edilməsi Vətən müharibəsində ordumuzun qazandığı böyük
strateji uğur olmuş, xalqımızın zəfər ovqatını daha da
gücləndirmişdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları
ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Füzuli
şəhərinin azad olunduğu 17 oktyabr tarixi isə Prezident İlham
Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında”31 iyul
2023-cü il tarixli sərəncamına əsasənFüzuli şəhəri günü kimi qeyd
edilir.
Füzuli həm də Vətən müharibəsinin başa çatmasından sonra ilk
quruculuq layihələrinin təməlinin qoyulduğu rayonlardan biridir.
2020-ci il noyabrın 16-da, Vətən müharibəsinin başa çatmasından
cəmi 6 gün sonra birinci xanım Mehriban Əliyeva ilə birlikdə
Füzuliyə səfər edən Prezident İlham Əliyev 101 km-lik Zəfər yolunun
təməlini qoymuşdu.
Ötən 6 ildə isə rayonda nəinki təməli qoyulan, başa çatdırılan
layihələrin sayı-hesabı yoxdur. Təsadüfi deyil ki, Füzuli Böyük
Qayıdışın sürətlə reallaşdığı rayonlardan biridir.
İndiyədək rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal
Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları
kompleksi istifadəyə verilib. Həmçinin artıq istifadədə olan Zəfər,
Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları da rayon
ərazisindəki quruculuğun nümunələridir. Rayondakı quruculuğun ən
möhtəşəm ünvanlarından biri də Füzuli Beynəlxalq Hava Limanıdır.
Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı”
adlandırılan bu hava limanı Azərbaycan dövlətinin işğaldan azad
edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərinin
əzəmətinin bütün dünyaya nümayiş etdirir.
Artıq Füzuli sakinlərinin yurd həsrətinə son qoyulub. Yenidən
qurulan Füzuli şəhəri işğaldan azad olunmuş ərazilərimizə Böyük
Qayıdışın ən gözəl nümunələrindən biridir. Füzuli şəhərinin
işğaldan azad edilməsinin birinci ildönümündə burada çoxmənzilli
yaşayış məhəlləsinin təməli qoyulub. 2023-cü il avqustun 18-dən isə
şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Ötən 3 ildə
Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb və bu proses artan templə
davam edir.
İndiyədək Füzuli şəhərində ikinci və üçüncü yaşayış
kompleksinin, 960 şagird yerlik məktəb binasının, 240 yerlik uşaq
bağçasının, 180 çarpayılıq xəstəxananın, Peşə Liseyinin, idman
kompleksinin təməli qoyulub. Bundan başqa, rayonun Dövlətyarlı,
Pirəhmədli, Dədəli, Cuvarlı, Qoçəhmədli, Qarğabazar, Qaraxanbəyli
kəndləri də yenidən qurulur. Tezliklə bu kəndlərin hər biri doğma
sakinlərini qarşılayacaq.
Onu da qeyd edim ki, Füzuli son 6 ildə Prezident İlham Əliyevin
ən çox səfər etdiyi rayonlardan biridir. Dövlət başçısının hər
səfəri rayonda müxtəlif infrastruktur layihələrinin təməllərinin
qoyulması və istifadəyə verilməsi ilə əlamətdar olub.
Füzuli şəhərinin bərpasında qardaş türk dövlətləri də öz
töhfələrini veriblər. Belə ki, Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzuli şəhərində
Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Qazaxıstan tərəfindən
isə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi
yaradılıb. Həm orta məktəb, həm də Uşaq Yaradıcılıq Mərkəzi
Azərbaycanın Özbəkistan və Qazaxıstanla dostluğunun rəmzinə
çevrilib.
Altı il böyük zaman kəsiyi deyil. Lakin bu müddətdə Füzuli
şəhərində və rayonun digər ərazilərində həyata keçirilən bərpa və
yenidənqurma işlərinin miqyası Azərbaycanın qüdrətini, dövlətimizin
gələcəyə hesablanmış inkişaf strategiyasını aydın şəkildə nümayiş
etdirir. Bir vaxtlar düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş
Füzulidə bu gün yeni yollar çəkilir, müasir yaşayış kompleksləri,
məktəblər, səhiyyə və sosial obyektlər inşa olunur. Vaxtilə doğma
yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıdır, uşaqlar
doğma torpaqlarında təhsil alır, ailələr yeni həyata
başlayırlar.
Füzulinin bərpası Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin quruculuq əzminin və Zəfərimizin təntənəsidir. Qarşıdakı
illərdə Füzulidə quruculuq işləri davam etdiriləcək və bu qədim
diyar Azərbaycan yüksəlişinin parlaq nümunəsi kimi hər birimizi
fərəhləndirəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

