Şuşa əməliyyatında 4 gizli qrupun missiyası: Ordumuz düşməni necə çaşdırdı?

Baş səhifə

Bakı. Trend:

Bu gün – 17 oktyabr Füzuli Şəhəri Günüdür. 2020-ci il oktyabrın
17-də Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində Füzuli
şəhərini və ətraf yaşayış məntəqələrini işğaldan azad etdi. Füzuli
əməliyyatı Azərbaycan Ordusunun hərbi məharətini və düşmənin
gözləmədiyi istiqamətlərdən irəliləmək bacarığını nümayiş etdirən
mühüm döyüşlərdən biri oldu.

Füzulinin azad edilməsindən bir neçə həftə sonra, noyabrın 8-də
isə Şuşa şəhəri də azad edildi. Şuşa əməliyyatının diqqətçəkən
məqamları ABŞ-nin Vest-Poynt Hərbi Akademiyasının nəzdində
fəaliyyət göstərən Modern War Institute-un araşdırmasında təhlil
olunub.

Araşdırmada Azərbaycan Ordusunun xüsusi təyinatlılarının gizli
marşrutlarla irəliləməsi, sıldırım qayalara dırmaşaraq şəhərə daxil
olması, düşmənin müdafiə mövqelərindən yan keçməsi və mürəkkəb hava
şəraitində döyüş əməliyyatlarını davam etdirməsi xüsusi diqqət
çəkir.

Araşdırmanın müəllifləri Liam Kollins, Ceyson Jiru və Con
Spenser Şuşa döyüşünü müasir şəhər müharibəsinin mühüm
nümunələrindən biri kimi qiymətləndirərək, Azərbacan Ordusunun
qələbəsində xüsusi təyinatlıların peşəkarlığının, düzgün
planlaşdırmanın, qüvvələrin əlaqələndirilmiş fəaliyyətinin və hərbi
təşəbbüsün rolunu vurğulayırlar.

Gizli əməliyyat: hətta digər bölmələr də bütün detalları
bilmirdi

Araşdırmaya əsasən, Şuşanın azad edilməsi üçün hazırlanan
əməliyyat planının mühüm elementlərindən biri Azərbaycan xüsusi
təyinatlılarının şəhərə müxtəlif istiqamətlərdən gizli şəkildə
daxil olması idi.

2020-ci il noyabrın 2-də hər biri 15 hərbçidən ibarət dörd
xüsusi təyinatlı qrupu şəhərə sızma əməliyyatına cəlb edildi.
Qrupların hər biri öz sektorunda qayalıqları aşmaq üçün marşrut
hazırlamışdı. Onların vəzifəsi şəhərə daxil olmaq, mövqelər tutmaq
və əsas hücumun başlanmasını gözləmək idi.

Araşdırmada qeyd olunur ki, əməliyyatın məxfiliyi o qədər yüksək
səviyyədə qorunurdu ki, Şuşanın qərb istiqamətində irəliləyən bəzi
xüsusi əməliyyat bölmələri digər qrupların tapşırıqları barədə
yalnız bir neçə həftə sonra keçirilən təhlil zamanı məlumat əldə
etmişdilər.

Bu yanaşma əməliyyatın müxtəlif istiqamətlərdə əlaqələndirilmiş
şəkildə həyata keçirilməsinə, eyni zamanda hücumun əsas
istiqamətinin düşmən tərəfindən əvvəlcədən müəyyən edilməsinin
çətinləşdirilməsinə xidmət edirdi.

Sıldırım qayalar, kəndirlər və ağır döyüş
şəraiti

Araşdırmanın ən diqqətçəkən məqamlarından biri Azərbaycan
hərbçilərinin Şuşaya çatmaq üçün keçdiyi mürəkkəb dağlıq
ərazidir.

Müəlliflərin məlumatına görə, cənub və şərq istiqamətlərindən
hərəkət edən xüsusi təyinatlı qruplar təxminən 30 metr
hündürlüyündəki sıldırım qayalara kəndirlərdən istifadə etməklə
dırmaşmalı olmuşdular. Şimal istiqamətindən hərəkət edən qrup isə
daha az sərt, lakin xeyli uzun marşrutu keçməli idi.

Bu istiqamətlərdən birində irəliləyən hərbçilər yüksəlişin son
mərhələsində minaatan atəşinə məruz qalmışdılar. Buna baxmayaraq,
qrup strateji yüksəkliyə çataraq Şuşanın kənarındakı mövqeyinə
doğru hərəkətini davam etdirmişdi.

Cənub istiqamətindəki qrup isə kəndirlərdən istifadə etməklə
qayalıqları aşaraq strateji zirvəyə itkisiz çatmış və daha sonra
şəhərə daxil olmuşdu.

Bu faktlar əməliyyatın uğurunda təkcə silah və texnologiyanın
deyil, Azərbaycan hərbçilərinin fiziki hazırlığının,
dözümlülüyünün, mürəkkəb relyefdə hərəkət qabiliyyətinin və qarşıya
qoyulan tapşırığı yerinə yetirmək əzminin də mühüm rol oynadığını
göstərir.

Düşmənin arxasına keçid və gözlənilməz istiqamətlərdən
hücum

Modern War Institute-un araşdırmasına görə, Azərbaycan xüsusi
təyinatlıları sıx meşələrlə örtülü dağlıq ərazidən istifadə edərək
erməni qüvvələrinin müdafiə mövqelərindən yan keçmişdilər. Bölmələr
Şuşanın qərbindəki meşəlik yamaclara çatmaq üçün şəhərin kənarından
təxminən 2-4 kilometr aralıda yerləşən marşrutlarla hərəkət
etmişdilər.

Ərazinin sıx meşə örtüyü və dik yamacları onların hərəkətlərini
gizlətməyə imkan verirdi. Bununla da Azərbaycan bölmələri düşmənin
əsas hücumun hansı istiqamətdən həyata keçiriləcəyinə dair
gözləntilərindən fərqli marşrutlardan istifadə edə bilmişdilər.




Eyni zamanda, digər Azərbaycan bölmələri Şuşakənd və Daşaltı
istiqamətlərində fəaliyyət göstərərək erməni qüvvələrinin diqqətini
və ehtiyatlarını şəhərdən kənarda saxlamağa çalışırdılar.
Beləliklə, xüsusi təyinatlıların şəhərə daxil olması ilə adi qoşun
bölmələrinin yayındırıcı və dəstəkləyici fəaliyyətləri vahid
əməliyyat çərçivəsində əlaqələndirilirdi.

Duman Azərbaycan Ordusunun irəliləyişini
dayandırmadı

Araşdırmada bildirilir ki, noyabrın 3-dən etibarən bölgədə sıx
duman müşahidə olunmağa başladı. Əlverişsiz hava şəraiti Azərbaycan
qüvvələrinin müharibə ərzində uğurla istifadə etdiyi pilotsuz uçuş
aparatları və hava müşahidəsi imkanlarını məhdudlaşdırırdı.

Bununla belə, duman xüsusi təyinatlıların gizli hərəkətlərini
ört-basdır etməyə də kömək edirdi. Nəticədə Azərbaycan hərbçiləri
hava dəstəyinin məhdudlaşdığı şəraitdə də əməliyyatın əsas
mərhələlərini davam etdirə bildilər.

Bu məqam müasir müharibədə texnoloji üstünlüyün mühüm əhəmiyyət
daşımasına baxmayaraq, onun bütün şəraitlərdə eyni səviyyədə
işləmədiyini göstərir. Şuşa əməliyyatında hazırlıqlı şəxsi heyət,
ərazinin düzgün qiymətləndirilməsi və vəziyyətə uyğunlaşmaq
bacarığı xüsusi əhəmiyyət kəsb edirdi.

Şuşa qalasına doğru irəliləyiş

Noyabrın 6-da hücum əmri verildikdən sonra xüsusi təyinatlıların
şimal istiqamətində hərəkət edən bölüyü sübhə yaxın şəhərə daxil
oldu. Araşdırmaya görə, bölük şəhərin şimalındakı tarixi Şuşa
qalasını əsas hədəf seçərək həmin istiqamətdə irəlilədi.

Şəhərə diqqət çəkmədən daxil olan hərbçilər qala ərazisini və
yaxınlıqdakı mövqeləri nəzarətə götürməyə başladılar. Qalanın
tutulmasından sonra onun divarları boyunca müdafiə mövqeləri
quruldu ki, mümkün əks-hücumların qarşısı alınsın.

Digər xüsusi təyinatlı bölmələr isə şəhərin müxtəlif
sektorlarında irəliləyərək erməni qüvvələrinin müqavimətini dəf
edirdilər. Döyüşlər küçələrdə, binaların ətrafında və yaxın
məsafələrdə davam edirdi.

Əməliyyatın uğurunda qüvvələrin əlaqələndirilmiş
fəaliyyəti

Araşdırmanın müəllifləri Şuşanın azad edilməsini yalnız xüsusi
təyinatlıların fəaliyyəti ilə izah etmirlər. Onların
qiymətləndirməsinə görə, xüsusi təyinatlıların peşəkarlığı
mexanikləşdirilmiş və motoatıcı bölmələrin fəaliyyəti ilə
tamamlanırdı.

Mexanikləşdirilmiş bölmələr Şuşakənd istiqamətində, motoatıcı
bölmələr isə Daşaltı ətrafında fəaliyyət göstərərək erməni
qüvvələrinin diqqətini şəhərdən kənara yönəldirdilər. Bu bölmələr
həmçinin xüsusi təyinatlıların cinahlarının qorunmasına və düşmən
ehtiyatlarının Şuşaya çatmasının çətinləşdirilməsinə töhfə
verirdilər.

Müəlliflər vurğulayırlar ki, Azərbaycan xüsusi təyinatlılarının
yüksək hazırlığı və çevikliyi ilə adi qoşunların canlı qüvvə,
hərəkətlilik və atəş dəstəyi imkanlarının birləşdirilməsi
əməliyyatın nəticəsinə təsir göstərən əsas amillərdən biri idi.

Şuşanın azad edilməsi müharibənin taleyini
dəyişdi

2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşanın azad edildiyini
elan etdi. Şəhərin strateji mövqeyi, Laçın istiqamətindəki
nəqliyyat yollarına yaxınlığı və Azərbaycan xalqı üçün
tarixi-mədəni əhəmiyyəti onun azad edilməsini Vətən Müharibəsinin
həlledici mərhələsinə çevirdi.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin
imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı.

Modern War Institute-un təhlilində Şuşa döyüşünün əsas
dərslərindən biri kimi peşəkar hazırlıq, liderlik, qüvvələrin
əlaqələndirilməsi, mürəkkəb ərazidə hərəkət qabiliyyəti və dəyişən
şəraitə uyğunlaşmaq bacarığı göstərilir.

Beləliklə, Şuşa əməliyyatı Azərbaycan Ordusunun Vətən
müharibəsində nümayiş etdirdiyi hərbi məharətin, xüsusi
təyinatlıların yüksək hazırlığının və mürəkkəb döyüş şəraitində
qarşıya qoyulan tapşırıqları yerinə yetirmək əzminin diqqətəlayiq
nümunələrindən biri kimi dünya hərb elminin tarixinə düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir