
Füzuli. Trend:
Oktyabrın 17-də Füzuli Şəhəri Günü münasibətilə şəhərdə uşaqlar
üçün teatr tamaşası nümayiş olunub.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1
nömrəli tam orta məktəbdə keçirilən səhnə proqramı məktəbəqədər və
məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulub.
Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım”
tamaşası balaca tamaşaçılara təqdim edilib. Tamaşa hazırlanarkən
uşaqların yaş xüsusiyyətləri nəzərə alınıb.
Səhnə əsərinin nümayişində məqsəd uşaqların asudə vaxtının
səmərəli təşkilinə, estetik zövqlərinin formalaşdırılmasına və
teatr sənətinə maraqlarının artırılmasına töhfə verməkdir.
Qeyd edək ki, 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə
şəhərdə bir sıra ictimai-mədəni tədbirlər təşkil olunur. Tədbirlər
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirlərin əsas məqsədi Füzulinin işğaldan azad olunmasını qeyd
etmək, milli-mənəvi dəyərləri yaşatmaq, şəhər sakinlərinin bir
araya gəlməsinə şərait yaratmaq və onların asudə vaxtını səmərəli
təşkil etməkdir. Bununla yanaşı, doğma yurdlarına qayıdan ailələrin
sevincini bölüşmək və şəhərdə bayram əhval-ruhiyyəsi yaratmaq da
qarşıya qoyulan əsas məqsədlərdəndir.

