
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev TASS informasiya agentliyinə videomüsahibə verib.
Trend
videomüsahibəni təqdim edir:
-Hər vaxtınız xeyir. Biz Bakıdayıq və Azərbaycan Prezidenti
İlham Əliyevlə görüşürük. Mən, Yuliya Şarifulina TASS agentliyi
adından cənab Prezidentə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı
bir neçə sual verəcəyəm.
– Salam, cənab Prezident.
Prezident İlham Əliyev: Salam.
– Sağ olun ki, bizi qəbul etməyə razılıq vermisiniz.
Aydındır ki, son vaxtlar Siz kütləvi informasiya vasitələrinə
çoxsaylı müsahibələr vermisiniz. Lakin vəziyyət sürətlə dəyişir.
Biz bunu hər gün müşahidə edirik. Biz bəlkə də hələ zamana uyğun
olmayan və Sizin ölkənin mövqeyini daha yaxşı anlamaqda bizim
auditoriyaya kömək edəcək bəzi baza məsələləri üzərində daha
ətraflı dayanmaq istərdik. Biz hamımız Moskvada 11 saatlıq
danışıqlar marafonunun şahidləri olduq. Siz necə hesab edirsiniz,
əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq
mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?
– Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə
götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin
nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq
hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o
cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə
götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə
yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan
atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24
saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı – yatmış
Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə
endirildi. Birinci hücumdan sonra, – iki hücum olub, – həlak
olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi
nümayişkəranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə
hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə
götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlak
olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi
məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan
döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin görünür, onlar
bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yeri
gəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür
hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu,
beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir
səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək.
BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu
beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər.
Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil.
Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə
sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib
hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat
nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər
Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz
günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin
Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən
hazırlanmış baza prinsiplərinə tamamilə ziddidir. Ermənistan
rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq
təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip
etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti
danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə
yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi
hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə
danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki,
hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi
əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası
arxasında həll etməyə hazırıq.
– Sizin ölkəniz hərbi xətt üzrə təcili görüş
keçirilməsinin zəruri olması fikrinə razıdırmı? Rusiya bunu deyir.
Yəni, əgər Sizin ölkə razıdırsa, onda həmin görüş hansı formatda,
hansı tərəflərin iştirakı ilə keçirilə bilərdi?
– Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistan
və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu
iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də
bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə
daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə
bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan
döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə
biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını
qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə
hazırıq.
Hərbçilər arasında əlaqələr məsələsinə gəldikdə isə bu məqamlar
baza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinə
sadiqik, onların barəsində danışmışam, zənnimcə, təkrarlamağın
mənası yoxdur. Bunlar Ermənistan tərəfindən işğal edilmiş
ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair
danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış
yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır.
Bütün bunlar baza prinsiplərində yazılıb. Ermənistan tərəfi də
müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Buna görə indi
sizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılaşmanın
sonundadır. İşğala son qoyulması ilə bağlı bütün məsələlər
nizamlandıqda xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdə
tutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlər
razılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ də
başlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacağı,
orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağı
barədə dəqiq anlayış yox idi. Odur ki, bütün bu məsələlər müzakirə
edilmirdi. Lakin aydın idi ki, sülhməramlı qüvvələrin tərkibi
Azərbaycan və Ermənistan ilə razılaşdırılmalıdır. Həmin qüvvələrin
dislokasiya yerləri də müəyyən edilməmişdir. Ona görə, bu gün təmas
xəttinin olmadığı, status-kvonun pozulduğu, – onu biz pozmuşuq və
bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları,
status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının
dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bu
bəyanatları eşitmişik, lakin onların implementasiyasını görməmişik.
Buna görə biz özümüz onu implementasiya etdik. Yəni, status-kvo
yoxdur, təmas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan
necə və harada yerləşdirilə bilər? Axı döyüş meydanında vəziyyət
hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada
dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə?
Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu,
öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük
riskdir. Ona görə də bütün bunlar – sülhməramlıların tərkibi,
mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır. Əlbəttə, bütün
bunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləri
isə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib
edir.
– Lakin hər halda, vəziyyət tələb edərsə, Sizin ölkəniz
rusiyalı hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı? Əgər
rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edə
bilərdi? Siz hansı ölkələrin iştirakına qəti etiraz
edərdiniz?
– Bilirsiniz, ABŞ və Fransa kimi Rusiya da ATƏT-in Minsk
qrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasında
çox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi, münaqişənin qaynar
fazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında
müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında
fikir ayrılığı doğurmayan yeganə məsələdir. Yəqin ki, bu, həqiqətən
belədir. Ona görə ki, haraya baxsaq hər yerdə sanksiyalar,
qarşıdurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə,
əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələ
həmin ölkələr arasında razılaşdırılmalıdır. Bu məsələ
razılaşdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni, bütün
bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə
sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək,
müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu
ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. Azərbaycan və
Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya
da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin
birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən
edilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun
olardı. Ən başlıcası, onlar harada olacaq? Budur məsələ. İş onda
deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandatı
– onun, necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi məkanı,
fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə
dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu,
təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə
etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə
olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət
işləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərinin
implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş
nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir.
Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu
barədə danışmır. Rusiya KİV-lərinin nümayəndələri ilə bizim paralel
əlaqələrimiz çərçivəsində mən aydın demişəm ki, biz işğala son
qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış
yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə
qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik.
Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır.
Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ
Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə
əslində danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30
il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya
yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli,
biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza
prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz
qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər
məsələsini müzakirə edək. Mənim fikrimcə, bu məsələ tezliklə
razılaşdırıla bilər. Lakin bunlar olmadıqda, bizə mahiyyət
etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan
azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki,
Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə
heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki,
Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni
tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt
danışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki,
bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən
qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin
verilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlük
danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün
olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə,
biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan
ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi
belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər.
– Prinsip etibarilə nizamlamanın ardıcıllığı barədə
danışmalı olsaq, Azərbaycanda yeddi rayonun mərhələli şəkildə
Azərbaycana qaytarılması, lakin Qarabağın qəti statusu müəyyən
edilənə qədər Laçın dəhlizinin Ermənistanın nəzarəti altında
saxlanılması şərti ilə nizamlamaya başlamağa
razıdırlarmı?
– Bilirsiniz, axı bütün bunlar baza prinsiplərində yazılıb və
biz bunu qəbul etmişik. Bizim mövqeyimiz həmişə çox konstruktiv
olub və biz həmişə demişik ki, bəli, biz anlayırıq, insanlar
arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin
tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb
ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar
açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim
etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə
kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan
Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına
malik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin
bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu,
hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən
asılı deyil. Yəni, bütün bunlar Azərbaycan ərazilərinin işğaldan
azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün
torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın
ərazisinə, – münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin
25 faizi azərbaycanlılar idi, – qaytarılmasını nəzərdə tutan
kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə
Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş
də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq
edirik.
– Cənab Prezident, sirr deyil ki, Rusiya Yaxın Şərqdən,
xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlılar
gətirilməsi barədə xəbərlərə görə narahatlığını bildirib. Siz bunu
necə şərh edərdiniz?
– Mən bu barədə dəfələrlə açıq demişəm ki, bu cür narahatlıqlar
əsassızdır. İndiyə qədər bizə heç bir tərəf heç bir fakt təqdim
etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa
tərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısa
terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret
sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç bir
fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi
xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə
heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər
bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısa
qəzet məqalələrinə istinad edirlər. Bilirsiniz, indi nə istəsən
yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və
bəyənmirik. Bu, birincisi.
İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüş
meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü
göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas
hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu
rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş
aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə
sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri
vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət
götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu,
40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını
məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına
qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları
Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün,
bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları
görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda
olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz
var. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Bizə lazım
deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz
barədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azad
edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin
təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə
buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə
yerləşirlər ki, erməni tərəfin təxribat cəhdlərinin qarşısını
alsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız
qeybətlər, şayiələr var. Açıq deyim, mən təəssüflənirəm ki, belə
söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd
göstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə
olması bizə aydındır. Onlar bütün bu illər ərzində qürrələnir,
özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları
torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar. Belə
halda onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istəyirlər
ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya
hansısa ölkələrdir. Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb
edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə,
erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir
narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında
Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah
keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri
var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə
çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və
müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu
müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların
nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı
aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə
bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz
ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi
ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri
ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı
altında Ermənistana ölümsaçan silahlar çatdırılır, – yeri gəlmişkən
bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm
də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu
cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya
tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə
görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa
və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi
saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni
tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan
məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların
əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur
silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o
cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgər
Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsulu
ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necə
ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız
faktlara əsaslanır. “Terrorçular” məsələsinə gəldikdə isə bunlar
hamısı əsassız sözlərdir.
– İlham Heydər oğlu, amma 26 il ərzində dünya hər halda
başa düşməyib ki, Ermənistan ilə Azərbaycan arasında Qarabağ üzrə
yekun razılaşma necə görünə bilərdi. Siz bunu necə görürsünüz, hər
halda sülh naminə hansısa güzəştlər mümkündürmü?
– Bilirsiniz, mən yenə də demək istəyirəm ki, Minsk qrupunun
həmsədrləri heç bir nəticəyə nail olmasalar da, – buna görə də
haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar, –
lakin mən son 17 ildə bu məsələ ilə praktik surətdə gündəlik
rejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini məhz
həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minsk
qrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz qalmayıb. Buna
görə də mən bu cür əsassız ittihamları rədd edirəm. Bu, belə deyil.
Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə
mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq.
Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin
razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail
olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu
əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq
yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa
bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda
ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və
Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon
çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt
qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti
müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də
Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt
bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə
bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və
Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı.
Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon
həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla
qətiyyən razı ola bilməzdim.
Odur ki, mən yenə də sizin sualınıza qayıdıram, Minsk qrupu
nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad
edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların
açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı
daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın
normalarına tamamilə uyğun gəlir. Çünki Ermənistan
prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli
uyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətini
nümayiş etdirib. Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakit
yaşaya, ümumi biznesə, qarışıq ailəyə sahib ola bilirlər? Niyə bəzi
gürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır,
həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə
Azərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqli
həyat yaşayır? Buna görə də bu cür faşist niyyətli tezislər,
əlbəttə ki, nizamlamaya kömək etmirdi. Beləliklə, sadaladığım bütün
bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması
nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın
mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi
başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə
qarış da torpaq verməyəcəklər. Onlar qondarma “Dağlıq Qarabağ
respublikası”nın xəritələrini dərc edib, keçmiş Dağlıq Qarabağ
Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun
hamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin,
kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında
gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə
xəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri
verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü,
mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər
sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə
hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa
çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam
informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki,
indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu
insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan
xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə
gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə
Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun
partiyası “Çıxış” adlanırdı – Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış.
Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının
nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində
təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxır edirdilər. Buna
görə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentinin
müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə
təəccüblənirəm. Onların gecə vaxtı Gəncə şəhərinə ballistik
raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı
məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi
qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında
cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu
çox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdıram, biz baza
prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür.
Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə
qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və
münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək
üçün onun hələ vaxtı var.
– Sonda məntiqə uyğun olardı soruşum ki, Siz Rusiya
Federasiyasının vasitəçiliyi ilə Ermənistandan olan həmsöhbətinizlə
görüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı?
– Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belə
dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən
Prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri
Anatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri arasında
üçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərti
Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı. Rusiya
münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və mən bu
barədə demişəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli
obyektiv səbəblər var. Səbəblərdən biri də budur ki, Rusiya
onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və
qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür
əlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin
görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal
razılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxt
Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla
azad etmişdi və bu, münaqişənin təqribən on gündən çox davam etdiyi
vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıq
hamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxmin
etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz
vaxtı uzatmadıq və ya imtina etmədik. Biz dedik, bəli, biz hazırıq.
O vaxt, Rusiya Prezidenti ilə söhbət zamanı dedim ki, mən naziri
göndərirəm, yeri gəlmişkən, Xarici İşlər naziri həmin vaxt
Cenevrədə idi, Minsk qrupu ilə danışıqlar aparırdı. Münaqişənin
qaynar fazasında bizim nazir Cenevrədə idi, erməni nazir isə oraya
gedib çatmadı, hərçənd o da, orada olmalı idi. Buna görə biz
qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada
və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də
sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni
ərazilərimizi də istəyirik.
-Cənab Prezident, müsahibəyə görə sağ olun.
-Siz sağ olun.

