Yunanıstanda Azərbaycan diasporunun inkişafı və milli həmrəylik məsələləri müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yunanıstanda Azərbaycan diasporunun inkişafı və milli həmrəylik
məsələləri müzakirə olunub.

Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri Fuad Muradov Yunanıstana səfəri
çərçivəsində Salonikidə yaşayan soydaşlarımızla görüşüb.

Komitə sədri ilə Azərbaycanın Yunanıstandakı fövqəladə və
səlahiyyətli səfiri Arif Məmmədov əvvəlcə buradakı Azərbaycan
Evinin fəaliyyəti ilə tanış olub, 18 Oktyabr – Müstəqilliyin
Bərpası Gününə həsr edilən sərgiyə baxıblar.

Azərbaycan Evində keçirilən görüşdə görülən işlər, icmalaşma
prosesi və diaspor üzvləri arasındakı kommunikasiya ilə bağlı fikir
mübadiləsi aparılıb.

Salonikidə və ətraf ərazilərdə yaşayan soydaşlarımızla daha
geniş tərkibdə baş tutan icma görüşündə isə Prezident İlham
Əliyevin xalqımızın tarixi qələbəsi ilə bağlı çıxışlarının yer
aldığı videoçarxlar nümayiş olunub. Azərbaycan diasporunun
inkişafı, milli birliyin gücləndirilməsi və milli-mənəvi
dəyərlərimizin yaşadılması istiqamətində görülən işlər müzakirə
olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı və ərazi
bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi
dərin ehtiramla yad edilib.

“Qala” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyətinin sədri,
Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov evin fəaliyyəti
barədə məlumat verib, icmanın təşəbbüslərinə göstərilən dəstəyə
görə Azərbaycan dövlətinə minnətdarlıq edib.




Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov icma görüşünü,
həmçinin Saloniki şəhərində və ətraf ərazilərdə yaşayan
soydaşlarımızın Azərbaycanla Yunanıstan arasında həmrəyliyin
möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib. Səfir,
həmçinin xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısını diqqətə
çatdırıb.

Soydaşlarımızı səmimi salamlayan komitə sədri çıxışında
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğıya
diqqət çəkib, bu qayğının diasporumuzun daha da güclənməsinə, milli
həmrəyliyin möhkəmlənməsinə geniş imkanlar yaratmasından danışıb,
eyni zamanda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixi
əhəmiyyətinə diqqət çəkib.

Saloniki və ətraf ərazilərdə məskunlaşan soydaşlarımıza
komitənin 70 ölkədəki icmalarımızla sistemli şəkildə işləməsi,
diasporun yol xəritəsinin hər bir ölkə üçün müəyyən olunmuş
spesifik cəhətləri barədə müfəssəl məlumat verilib.

İcma toplantısı qarşılıqlı fikir mübadiləsi şəraitində davam
edib. Soydaşlarımızın sualları cavablandırılıb, icma fəaliyyətinin
daha səmərəli təşkili, yeni təşəbbüslərin reallaşdırılması və
diaspor əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər
səsləndirilib.

Görüşdə soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin
nümayəndələri, buradakı gürcü və rus icmasının üzvləri iştirak
edib. Tədbirdə iştirak edən yunanlar və Yunanıstanda yaşayan
azərbaycanlılar icma görüşünün səmərəliliyini yüksək
qiymətləndirib, Salonikidəki Azərbaycan icmasının iki ölkə
arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirdiyini
bildiriblər.

Rəşid Məmmədova uğurlu diaspor fəaliyyətinə görə Diasporla İş
üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim olunub.

Qeyd edək ki, bu gün dünyanın 21 ölkəsində 32 Azərbaycan evi
var. 2017-ci ildən fəaliyyət göstərən Salonikidəki Azərbaycan Evi
də onlardan biridir. Diasporla İş üzrə Dövlət Komitəsi bütün evləri
lazım olan vəsaitlərlə təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir