Süni intellekt agentləri maliyyə əməliyyatlarının risk təhlilini saniyələr ərzində apara bilər – “Formica AI”

Baş səhifə

Bakı. Trend:

Süni intellekt agentləri maliyyə əməliyyatlarının risklərinin
təhlilini sürətləndirərək komplayens və risklərin idarə edilməsi
üzrə mütəxəssislərin işinə sərf olunan vaxta qənaət etməyə imkan
verir.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu “Formica AI” şirkətinin
idarəedici partnyoru və təsisçisi Özgür Oktan çərşənbə axşamı
Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və
Komplayens (GRC) Konfransında deyib.

O bildirib ki, generativ süni intellektin və böyük dil
modellərinin (LLM) inkişafı bu texnologiyaların gündəlik həyata,
eləcə də biznes proseslərinə təsirini əhəmiyyətli dərəcədə
artırıb.

Ö. Oktanın sözlərinə görə, əvvəllər süni intellekt əsasən
statistik və riyazi modellər, proqnozlaşdırma və müxtəlif
göstəricilərin təhlili ilə əlaqələndirilirdisə, böyük dil
modellərinin inkişafı sistemlərin istifadəçi sorğularına uyğun
cavablar hazırlamaq imkanlarını genişləndirib.

“Son bir ildə böyük dil modellərinin həyatımıza daxil olması
süni intellektin hər kəsə toxunmasının əsas səbəblərindən biridir”,
– deyə o qeyd edib.

Şirkət nümayəndəsi bildirib ki, “Formica AI” generativ süni
intellekt texnologiyalarından istifadə edir və Özbəkistan,
Qırğızıstan və Böyük Britaniyada 70-dən çox müştəriyə xidmət
göstərir. Şirkət vahid tətbiq vasitəsilə müştərilərinə risklərin və
dələduzluq hallarının idarə edilməsi, komplayens tələblərinə riayət
olunması, eləcə də müştərilərin risk səviyyəsinin
qiymətləndirilməsi istiqamətlərində dəstək verir.




O, süni intellekt agentlərinin imkanlarına da toxunub. Bildirib
ki, bu agentlər müəyyən tapşırıqları müstəqil şəkildə yerinə yetirə
bilən proqram təminatı sistemləridir. Onlar alış-veriş, ödənişlərin
həyata keçirilməsi və restoranlarda rezervasiyaların aparılması
kimi gündəlik prosesləri avtomatlaşdıra bilər.

Ö.Oktan qeyd edib ki, süni intellekt agentlərinin risklərin
idarə edilməsi və GRC sahəsində tətbiqi də getdikcə genişlənir. Bu
texnologiyalar əməkdaşların iş yükünü azaltmaqla yanaşı,
məlumatların daha sürətli təhlilinə şərait yaradır.

“Bu agentlərin ən böyük faydası komplayens və risklərin idarə
edilməsi üzrə mütəxəssislərə vaxt qazandırmasıdır. Məqsəd onların
əvəzinə qərar vermək deyil, əməkdaşların daha səmərəli işləməsinə
imkan yaratmaqdır”, – deyə o vurğulayıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, süni intellekt agentləri
bir neçə tapşırığı müxtəlif agentlər arasında bölüşdürərək
koordinasiyalı şəkildə yerinə yetirə bilər. Bu isə mürəkkəb
əməliyyatların təhlilini sürətləndirir.

O bildirib ki, adi şəraitdə bir maliyyə əməliyyatının əl ilə
nəzərdən keçirilməsi və əvvəlki əməliyyatlarla müqayisəsi 15–20
dəqiqə çəkə bilər. Süni intellekt agenti isə həmin əməliyyatı 5–10
saniyə ərzində təhlil edərək onun uyğun və ya riskli ola biləcəyinə
dair ilkin qiymətləndirmə təqdim edə bilər.

Ö.Oktan əlavə edib ki, bu cür texnologiyaların tətbiqi risklərin
daha operativ müəyyənləşdirilməsinə, komplayens proseslərinin
avtomatlaşdırılmasına və mütəxəssislərin daha mürəkkəb məsələlərə
diqqət ayırmasına imkan yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir