
Bakı.Trend:
Son bir həftə ərzində dövlət qurumlarına genişmiqyaslı
kiberhücumlar həyata keçirilir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə çərşənbə axşamı
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Dövlət qurumlarının
informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü
çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dövlət qurumlarına kiberhücumlar müntəzəm
olaraq müşahidə edilir.
“Bu, belə deyək, fasiləsiz tərəfimizdən müşahidə olunan haldır.
Amma son dövrlər və xüsusilə də son bir həftə ərzində dövlət
qurumlarına və onların informasiya ehtiyatlarına, informasiya
sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata
keçirildiyini müşahidə edirik”.
Nadir Novruzov qeyd edib ki, bu əsasən özünü DDoS hücumlar
formasında həyata keçirilir və dövlət qurumlarının informasiya
sistemlərinin fəaliyyətini dayandırmağa istiqamətlənmiş
hücumlardır.
“Hücumların həyata keçirildiyi ölkəni demək bir az çətindir.
Çünki DDoS hücumlar həyata keçirilərkən və xüsusilə də böyük həcmli
DDoS hücumlar həyata keçirilərkən “botnet” şəbəkələrdən istifadə
olunur. “Botnet” şəbəkələr isə dünyanın müxtəlif yerlərində
yoluxdurulmuş cihazlardır.
Ona görə biz DDoS hücumlarını dünyanın müxtəlif yerlərindən
müşahidə edirik və konkret olaraq hər hansısa bir ölkənin hücum
etdiyini demək çətindir.
Son hücumlar ilk növbədə onların vaxtında aşkar olunması və
yarada biləcəkləri fəsadların minimallaşdırılması kimi çağırışlar
yaradır. Yəni hazırda mövzu kibertəhlükəsizlik yox,
kiberdayanıqlılıqdır”,- deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət qurumlarının informasiya təhlükəsizliyi
üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir.
Tədbirin əsas məqsədi dövlət qurumlarının informasiya
təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsini
təşviq etmək, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik
sahəsində əməkdaşlığı gücləndirmək, eləcə də müasir texnoloji
çağırışlar və süni intellektin tətbiqi ilə bağlı aktual məsələləri
müzakirə etməkdir.
Zirvə Toplantısı çərçivəsində süni intellektin dövlət
idarəçiliyində və rəqəmsal infrastrukturlarda tətbiqi, yaratdığı
imkanlar, yeni kibertəhlükələr, etibarlı, təhlükəsiz rəqəmsal
dövlət prinsiplərinin tətbiqi, məlumatların idarə olunması,
həmçininin formasiya təhlükəsizliyi, kibertəhlükəsizlik risklərinin
müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması
məsələləri müzakirə ediləcəkdir.

