
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX)
rəqəmsallaşma və yeni texnologiyaların tətbiqindən irəli gələn
risklərin əvvəlcədən müəyyənləşdirilməsi və idarə olunması
məqsədilə ayrıca komitə yaradılıb.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu DVX-nin rəis müavini
Samirə Musayeva çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes,
Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında
deyib.
O bildirib ki, süni intellektin dövlət orqanlarında tətbiqi
zamanı hüquqi çərçivələrin müəyyənləşdirilməsi, məlumatların
təhlükəsizliyinin təmin edilməsi və risklərin düzgün
qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda süni
intellektin dövlət orqanlarında istifadəsi ilə bağlı normativ
hüquqi aktlar nəzərdən keçirilir.
S.Musayevanın sözlərinə görə, süni intellekt vergi
ödəyicilərinin fəaliyyəti ilə bağlı məlumatların təhlilinə, ilkin
risklərin müəyyənləşdirilməsinə və nəzarət proseslərinin
təkmilləşdirilməsinə imkan verir. Bununla belə, süni intellekt
vasitəsilə müəyyən edilən risklərin hüquqi baxımdan
qiymətləndirilməsi və məsuliyyət yaradıb-yaratmaması barədə yekun
qərar insan tərəfindən qəbul edilməlidir.
“Süni intellektin tətbiqində məlumatların qorunması və
mühafizəsi, ilkin risklərin müəyyənləşdirilməsi, eləcə də son
qərarın qurum tərəfindən verilməsi mühüm əhəmiyyət daşıyır.
Risklərin nə dərəcədə əsaslı olması və məsuliyyətə səbəb
olub-olmaması barədə qərarı məsul şəxslər qəbul etməlidir”, – deyə
o qeyd edib.
DVX rəis müavini vurğulayıb ki, texnoloji yeniliklərin tətbiqi
zamanı yalnız onların imkanları deyil, yarada biləcəyi risklər də
nəzərə alınmalıdır. Bu baxımdan, qurumda təşkilati risklərin idarə
olunması üzrə ayrıca komitənin yaradılması qabaqlayıcı nəzarət
mexanizminin formalaşdırılmasına xidmət edir.
“Biz təşkilati risklərin idarə olunması ilə bağlı ayrıca komitə
yaratmışıq. Məqsəd rəqəmsallaşmadan irəli gələn riskləri
qabaqlayıcı şəkildə müəyyənləşdirmək və müvafiq komitənin rəyi
olmadan risk yarada biləcək rəqəmsal alətlərin və yeniliklərin
tətbiqinin qarşısını almaqdır”, – deyə S.Musayeva bildirib.
O əlavə edib ki, rəqəmsallaşma vergi inzibatçılığında
səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması
baxımından da mühüm rol oynayır. Onun sözlərinə görə, qeyri-neft
sektorunda dövlət büdcəsinə 100 manat vergi daxilolmasının təmin
edilməsi üçün vergi orqanlarının xərci 1 manat 16 qəpik təşkil
edir.
S.Musayeva qeyd edib ki, texnologiyaların tətbiqi dövlət
orqanlarına daha böyük həcmdə məlumatları emal etmək, resurslardan
daha səmərəli istifadə etmək və vergi nəzarətini təkmilləşdirmək
imkanı yaradır.
O, süni intellekt sistemlərinin təhlükəsiz fəaliyyəti üçün
texniki infrastrukturun əhəmiyyətinə də toxunub. Bildirib ki,
məlumatların qapalı mühitdə emalı yüksək hesablama gücünə malik
server avadanlıqları tələb edir.
DVX rəsmisi data analitikası və avtomatlaşdırmanın vergi
yoxlamalarında verdiyi nəticələrdən də danışıb. Onun sözlərinə
görə, yoxlamalar zamanı inventarizasiya nəticələrinin
avtomatlaşdırılması hesabına 7-9 həftə vaxta qənaət olunub.
Nəzarət-kassa aparatlarından əldə edilən milyonlarla çek üzrə
məlumatların süni intellekt vasitəsilə təhlili isə risklərin daha
operativ müəyyənləşdirilməsinə şərait yaradır.
S.Musayevanın fikrincə, süni intellektin tətbiqi bizneslərin
böyüməsinə, vergitutma bazasının genişlənməsinə və vergiyə cəlb
olunan əməliyyatların artmasına da töhfə verə bilər. Bu proses
dövlət orqanlarından insan resurslarının və mövcud imkanların yeni
tələblərə uyğun inkişaf etdirilməsini tələb edir.
“Texnologiyaların tətbiqi ilə daha çox məlumatı emal etmək və
daha böyük töhfə vermək mümkündür. Vergitutma bazası genişləndikcə
onun səmərəli inzibatçılığı üçün müvafiq resursların və peşəkar
insan kapitalının təmin olunması da vacibdir”, – deyə o
vurğulayıb.

