Azərbaycan və Xorvatiya Orta Dəhlizin imkanlarını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Xorvatiyanın xarici və Avropa işləri nazirinin siyasi məsələlər
üzrə dövlət katibi Frano Matuşiçi qəbul edib.

Görüşdə Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq
münasibətləri, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri
müzakirə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm
siyasi məsləhətləşmələrin ikitərəfli əlaqələrin inkişafındakı rolu
vurğulanıb.

İqtisadi-ticarət əlaqələri çərçivəsində ticarət dövriyyəsinin və
qarşılıqlı investisiyaların artırılmasının vacibliyi qeyd edilib.
Ənənəvi və alternativ enerji, rəqəmsal inkişaf, turizm və kənd
təsərrüfatı sahələrində əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti
diqqətə çatdırılıb.

Azərbaycanın strateji roluna toxunularaq, Orta Dəhlizin
imkanlarından yararlanmağın, eləcə də beynəlxalq və regional
platformalarda qarşılıqlı dəstəyin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
(ANAMA) ilə Xorvatiyanın ixtisaslaşmış şirkətləri arasında
minatəmizləmə sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı
yüksək qiymətləndirilib. Xorvatiya tərəfi ölkəsində minatəmizləmə
işlərinin cari ilin martında başa çatdığını bildirərək, bu
istiqamətdə Azərbaycana lazımi dəstəyi göstərməyə hazır olduğunu
ifadə edib.

Xorvat iş adamları Azərbaycandakı əlverişli biznes mühitindən, o
cümlədən Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz
Limanının imkanlarından yararlanmağa, həmçinin işğaldan azad
edilmiş ərazilərin bərpası layihələrində fəal iştirak etməyə dəvət
olunublar.

Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət
və Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfi
məlumatlandırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər
regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.

Eyni gün Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri
arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz
Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və
Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir