
Bakı. Trend:
Bərpaolunan enerji, nəqliyyat və tranzit əlaqələri, eləcə də
Xəzər və Qara dəniz üzərindən Avropaya uzanan enerji dəhlizinin
inkişafı Azərbaycan və Macarıstan arasında əməkdaşlığın
perspektivli istiqamətləridir.
Trend-in
müxbirinin verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Xarici
İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nərgiz
Qurbanova Macarıstanın Milli Günü və 1956-cı il Macarıstan
inqilabının 70-ci ildönümü münasibətilə keçirilən tədbirdə
bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Macarıstan qarşılıqlı hörmət
və etimada əsaslanan strateji tərəfdaşlıq münasibətlərini
dəstəkləyirlər. N.Qurbanova iki ölkənin xarici işlər nazirlikləri
arasında siyasi məsləhətləşmələrin ilk iclasının, eləcə də
Azərbaycan-Macarıstan strateji dialoqunun üçüncü iclasının
keçirilməsinin siyasi dialoqun ardıcıl xarakter daşıdığını
göstərdiyini qeyd edib.
O, həmçinin ikitərəfli münasibətlərin gələcək inkişaf
perspektivlərini müzakirə etmək məqsədilə BMT Baş Assambleyasının
81-ci sessiyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin
görüşünün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, iqtisadi
əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi
və enerji sektorunda birgə fəaliyyət ikitərəfli münasibətlərin əsas
istiqamətlərindəndir.
N.Qurbanova əlavə edib ki, təhsil sahəsində əməkdaşlıq iki
ölkənin xalqlarının yaxınlaşmasına töhfə verir:
“Xüsusilə, Macarıstan hökumətinin Azərbaycan vətəndaşları üçün
təqdim etdiyi “Stipendium Hungaricum” təqaüd proqramı təhsil
əlaqələrinin və tələbə mübadiləsinin inkişafı üçün geniş imkanlar
yaradır”.
“Azərbaycan və Macarıstan beynəlxalq təşkilatlar çərçivəsində də
səmərəli əməkdaşlıq edirlər”, – deyə o bildirib.
O, enerji resurslarının şaxələndirilməsi, Avrasiyanın
nəqliyyat-logistika zəncirlərində iştirak və Avropanın sürətlə
inkişaf edən bazarlara çıxış imkanlarının genişləndirilməsi
baxımından Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı
fəaliyyətin əhəmiyyətini vurğulayıb.
XİN rəsmisinin sözlərinə görə, bu platforma siyasi dialoq və
regional, eləcə də beynəlxalq çağırışlarla bağlı mövqelərin
uzlaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
“İnanırıq ki, qarşılıqlı maraqlar və etimad əsasında qurulan iki
ölkə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək”, –
deyə N.Qurbanova bildirib.

