TRIPP istismara verildikdən sonra əlavə yük axınlarını cəlb edə biləcək – Aİ

Baş səhifə

Bakı.Trend:

Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP)
istifadəyə verildikdən sonra əlavə yük axınlarını cəlb edə
biləcək.

Trend xəbər verir
ki, bu barədə Avropa İttifaqının maliyyələşdirdiyi və “VM Europe”
konsorsiumu tərəfindən hazırlanan “EU Business Climate Report
Azerbaijan 2025/26” hesabatının səkkizinci nəşrində bildirilib.

“Həmin regionda sülhün bərqərar olması tranzit marşrutlarının
inkişafı üçün şərait yaradır. Azərbaycan Ermənistan ərazisindən yük
tranzitinə dair onilliklər ərzində qüvvədə olmuş bütün
məhdudiyyətləri aradan qaldırıb. Zəngəzur dəhlizi (TRIPP) Cənubi
Qafqazın geosiyasi gündəliyində mərkəzi yer tutur. Hazırda dəhlizə
bitişik avtomobil və dəmir yollarının bir neçə hissəsində tikinti
və modernləşdirmə işləri aparılır”, – deyə hesabatda qeyd
olunub.

Hesabatda vurğulanıb ki, dəhliz boyunca marşrutların
əlaqələndirilmiş şəkildə inkişafı daşımaların müddətini və
xərclərini əhəmiyyətli dərəcədə azalda, eləcə də regional təchizat
zəncirlərini gücləndirə bilər.




“Rəyi soruşulan Avropa şirkətlərinin fikrincə, Zəngəzur dəhlizi
istifadəyə verildikdən sonra Poti marşrutu ilə müqayisədə daha qısa
tranzit müddəti sayəsində əlavə yük axınlarını cəlb edə biləcək.
Bu, Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini
əhəmiyyətli dərəcədə gücləndirə bilər”, – deyə hesabatda
bildirilib.

2025/26-cı illər üzrə sorğunun nəticələri Avropa şirkətlərinin
Azərbaycanın nəqliyyat və logistika infrastrukturunu ümumilikdə
müsbət qiymətləndirdiyini göstərir. Respondentlərin təxminən yarısı
(46,3%) mövcud infrastrukturun bizneslərinin ehtiyaclarını kifayət
qədər ödədiyini, daha 7,5%-i isə infrastrukturun fəaliyyətləri üçün
aşkar üstünlük olduğunu bildirib.

Qeyd edək ki, hesabat yerli bazarda fəaliyyət göstərən Avropa
şirkətlərinin nöqteyi-nəzərindən Azərbaycanın iqtisadi və biznes
mühitinin yenilənmiş qiymətləndirilməsini təqdim edir. Hesabat
Avropa müəssisələri arasında keçirilmiş sorğuların və
dərinləşdirilmiş müsahibələrin nəticələrinə əsaslanır. Sənəddə
Azərbaycanın investisiya mühitinə təsir edən əsas amillər, sahələr
üzrə imkanlar, biznes məhdudiyyətləri, əmək bazarının dinamikası,
dayanıqlı inkişaf, rəqəmsallaşma və ölkənin iqtisadi inkişaf
trayektoriyasını müəyyənləşdirən daha geniş islahatlar gündəliyi
nəzərdən keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir