
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin ABŞ-la iqtisadi əməkdaşlığın
bərpasında maraqlı olduqlarını bildirib.
TASS xəbər verir ki, bu barədə Putin ABŞ Prezidenti Donald
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə danışıb.
Putin Ukrayna münaqişəsinin nizamlanmasına göstərdiyi diqqətə
görə Trampa təşəkkür edib. Uitkoff isə ABŞ liderinin adından
Rusiyaya dizel yanacağının tədarükü ilə bağlı razılaşmanın əldə
olunmasına görə Putinə minnətdarlığını bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, dizel yanacağı ilə bağlı
razılaşma çərçivəsində ilk tanker 2–3 gün ərzində yola düşəcək və
40 min ton dizel daşıyacaq. Putin həmçinin Rusiyanın ABŞ-a böyük
həcmdə gübrə tədarük edə biləcəyini qeyd edib.
Uitkoff Rusiyaya Ukrayna münaqişəsinin nizamlanmasına dair
yanaşmaları əks etdirən sənədlər gətirdiyini bildirib. O, Moskva,
Vaşinqton və Kiyevin iştirakı ilə üçtərəfli danışıqların bərpasına
ümid etdiyini vurğulayıb.
Görüş zamanı Putin ABŞ vətəndaşı Stiven Habardın azad edildiyini
də açıqlayıb. Habard Ukrayna tərəfində döyüşlərdə iştirak etməkdə
təqsirli bilinərək Rusiyada həbs cəzasına məhkum edilmişdi. Putin
Trampın bu məsələ ilə bağlı əvvəlki müraciətini nəzərə aldığını
bildirib.
Rusiya Prezidenti İranın nüvə problemi ilə bağlı Moskvanın
təkliflərinin də yaxşı məlum olduğunu qeyd edib. O, humanitar
məsələlərin həllinə kömək göstərdiyinə görə ABŞ-ın birinci xanımı
Melaniya Trampa təşəkkürünü çatdırmağı Uitkoffdan xahiş edib.

