“PAŞA Holding”in dəstəklədiyi startap “Referans Medical Group” ilə əməkdaşlığa başlayır

Baş səhifə

Bakı. Trend:

“PAŞA Holding”in daxili “WeStart” proqramı çərçivəsində inkişaf
edən startaplardan biri olan “iCheck” Azərbaycan “HealthTech”
ekosistemində mühüm nailiyyətə imza ataraq ölkənin aparıcı tibbi
şəbəkələrindən biri olan “Referans Medical Group” ilə strateji
əməkdaşlığa başlayır.

“PAŞA Holding”də innovativ ideyaların inkişafını və yeni biznes
təşəbbüslərinin dəstəklənməsini hədəfləyən “WeStart” proqramı
əməkdaşların ideyalarını real layihələrə çevirmələrinə şərait
yaradır. Proqram çərçivəsində dəstəklənən “iCheck”in bu əməkdaşlığa
başlaması innovativ ideyaların inkişaf etdirilərək real biznes
nəticələrinə çevrilməsinin nümunəsidir.

Azərbaycanın telesəhiyyə sahəsində öz innovativ modeli ilə
seçilən “iCheck” rəqəmsal səhiyyə platforması inkişafının yeni
mərhələsinə qədəm qoyur. Startap olaraq fəaliyyətə başlayan və qısa
müddətdə beynəlxalq səviyyədə tanınma qazanan layihə bundan sonra
fəaliyyətini ölkənin aparıcı və ən geniş tibbi şəbəkələrindən biri
olan “Referans Medical Group” ilə strateji əməkdaşlıq çərçivəsində
davam etdirəcək.

Bu əməkdaşlığın əsas məqsədi “iCheck”in qabaqcıl texnoloji
imkanlarını “Referans Medical Group”un geniş tibbi infrastrukturu
və peşəkar həkim şəbəkəsi ilə birləşdirərək pasiyentlər üçün daha
əlçatan, fasiləsiz və davamlı rəqəmsal sağlamlıq təcrübəsi
yaratmaqdır.




Yerli startapdan beynəlxalq “HealthTech” layihəsinə çevrilən
“iCheck” keyfiyyətli tibbi dəstəyə çıxışın insanın coğrafi
mövqeyindən asılı olmaması ideyası ilə yaradılıb. Platforma
istifadəçilərə dünyanın istənilən yerindən həkimlə məsafədən əlaqə
qurmaq və onlayn konsultasiya almaq imkanı verir. Hazırda bu
imkanlardan fərdi pasiyentlərlə yanaşı, sığorta şirkətlərinin
müştəriləri və korporativ istifadəçilər də fəal şəkildə
yararlanır.

“Referans Medical Group” ilə əməkdaşlıq “iCheck”in sadəcə onlayn
konsultasiya tətbiqindən geniş funksionallığa malik kompleks
rəqəmsal sağlamlıq platformasına çevrilməsinə təkan verəcək. Əsas
hədəf istifadəçinin uyğun həkimi tapmasından başlayaraq
konsultasiya, zəruri müayinələr, tibbi xidmətlər və sonrakı
addımların vahid sistem daxilində tam və rahat şəkildə təşkil
olunmasıdır.

“Biz “iCheck”i yalnız onlayn həkim konsultasiyası təqdim edən
tətbiq kimi görmürük. İstəyirik ki, insanın sağlamlığı ilə bağlı
hər hansı sualı yarandıqda, istər fiziki, istərsə də mental
sağlamlıqla bağlı, ilk ağla gələn platforma “iCheck” olsun. Eyni
zamanda məqsədimiz insanları yalnız xəstəlik zamanı deyil, sağlam
olduqları dövrdə də öz sağlamlıqları ilə maraqlanmağa təşviq
etməkdir”, – deyə “iCheck”in təsisçisi Leyla Orucova bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir