
Bakı.Trend:
Cənubi Afrika Respublikasından olan və Coral Hart təxəllüsü ilə
tanınan yazıçı son 20 ay ərzində süni intellektin (Sİ) köməyi ilə
371 kitab nəşr etdirib.
Bu barədə yerli EWN radiostansiyası məlumat yayıb.
Hart 2025-ci ilin fevralında süni intellektdən istifadə etməklə
yazmağa başlayıb. Bundan əvvəl o, 14 il nəşriyyat sahəsində çalışıb
və ənənəvi üsulla bir neçə onlarla əsər yazıb. Yazıçı kitablarının
bir milyondan çox nüsxəsini satıb və 2026-cı ildə 1 milyon
dollardan çox gəlir əldə edib.
Yazıçıya bir neçə süni intellekt modelini mənimsəmək və qısa
müddətdə tam həcmli kitablar hazırlaya bilən öz sistemini yaratmaq
üçün təxminən üç ay vaxt lazım olub. Bununla belə, süjetin
konsepsiyasını, üslubu və personajların xüsusiyyətlərini Hart özü
müəyyənləşdirir, fəsillərin planını da özü hazırlayır. Süni
intellekt isə yeni romanı cəmi 45 dəqiqəyə yaradır.
Yazıçının sözlərinə görə, kitabın ilkin qaralaması, bir qayda
olaraq, mükəmməllikdən uzaq olur. Daha sonra mətn məzmunun
redaktəsi və süjetdəki məntiqi boşluqların aradan qaldırılması üçün
iki dəfə neyron şəbəkədən keçirilir. Son mərhələdə isə süni
intellektin müdaxiləsindən qalan izləri düzəltmək məqsədilə mətni
insan redaktor oxuyur. Bundan sonra əsər nəşrə hazır olur.
Hartın romanlarından biri “Amazon” platformasında ən çox satılan
100 kitab sırasına daxil olub. Yazıçının süni intellektlə birgə
hazırladığı əsərlərin böyük əksəriyyəti sevgi romanlarıdır. Onun
kitabları elektron, çap və audio formatlarda yayımlanır.
Hart kommersiya ədəbiyyatında yeni eranın əsasını qoyduğunu
iddia edir. Hazırda o, süni intellektdən istifadə edən müəlliflər
üçün nəzərdə tutulmuş Authorythm adlı proqram təminatını istifadəyə
verməyə hazırlaşır.

