
Bakı. Trend:
Ermənistan rəhbərliyi sülh gündəliyi ilə bağlı ziddiyyətli
açıqlamalar verməklə vaxt udmağa çalışır və əgər həqiqətən sülh
istəyirsə, boş bəyanatlardan əl çəkməli, Zəngəzur dəhlizi ilə bağlı
öhdəliklərini vaxtında yerinə yetirməli, Ermənistan
Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan
qaldırılması üçün hüquqi addımlar atmalıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,
deputat Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında çıxışı
zamanı deyib.
O bildirib ki, son zamanlar Ermənistan rəhbərliyinin sülh
gündəliyi ilə bağlı dəyişkən mövqeləri müşahidə olunur. Belə ki,
Ermənistan rəsmiləri bir həftə əvvəl sülh müqaviləsinin 2031-ci ilə
qədər, bir həftə sonra isə 2027 və 2028-ci illərdə imzalana
biləcəyini bəyan edirlər.
Deputatın sözlərinə görə, bu fakt Ermənistan rəhbərliyinin
praktiki sülhün əhəmiyyətini ciddi dərk etmədiyini bir daha
təsdiqləyir.
“Sülh ciddi məsələdir, hansısa siyasi kampaniya aləti deyil”, –
deyə o bildirib.
K.Cəfərov qeyd edib ki, İrəvan regional sülhü öz daxili siyasi
təqviminin girovuna çevirməklə vaxt udmağa çalışır.
O vurğulayıb ki, Prezident İlham Əliyevin də dediyi kimi,
Ermənistanın indiki rəhbərliyindən “sülh göyərçini” obrazı yaratmaq
istəyənlər bu ziddiyyətli açıqlamalardan nəticə
çıxarmalıdırlar.
“Əsl sülh istəyən tərəf belə təzadlı açıqlamalar verməz, sülhü
ölkə gündəliyinin ən sonuncu təqvim prioriteti elan etməz, sülhü
hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirməz”, – deputat
bildirib.
Onun sözlərinə görə, yaranmış mənzərə İrəvanda hələ də
illüziyalarla yaşayanların olduğunu göstərir. Onlar müxtəlif
bəhanələrlə vaxtı uzatmaqla həm daxili auditoriyanı aldatmağa, həm
də xarici havadarlarının köməyi ilə müəyyən güzəştlərə nail olmağa
çalışırlar.
“Biz heç kimə güzəştə getmərik!” – K.Cəfərov deyib.
Deputat əlavə edib ki, Ermənistan rəhbərliyi də, xalqı da sülhün
ən çox onlara lazım olduğuna əmin olmalıdır.
“Biz isə gec-tez istədiyimizə nail olacağıq və heç kim bizim
iradəmizə təsir edə bilməz”, – deyə o vurğulayıb.
K.Cəfərov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan xalqı bərpa edib.
O qeyd edib ki, sülhü ilk təklif edən tərəf Azərbaycan olub,
sülh müqaviləsinin mətninin müəllifi də Azərbaycandır. Deputatın
sözlərinə görə, hazırkı praktiki sülhün təminatçısı da Prezident
İlham Əliyevdir.
K.Cəfərov Ermənistan rəhbərliyini geosiyasi konyunkturadan əl
çəkməyə və xarici havadarlarının verdiyi silahlara arxalanaraq
özünü aldatmamağa çağırıb.
O bildirib ki, Azərbaycanın hərbi gücü İkinci Qarabağ müharibəsi
dövrü ilə müqayisədə dəfələrlə artıb və hərbi gücün artırılması
dövlət siyasətinin ən prioritet istiqamətlərindən biridir.
Deputatın fikrincə, Ermənistan həqiqətən sülh istəyirsə, boş
bəyanatlar verməkdən əl çəkməli, Zəngəzur dəhlizi ilə bağlı üzərinə
düşən öhdəlikləri vaxtında icra etməlidir.
O, həmçinin sülh müqaviləsinin imzalanması üçün Ermənistan
Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan
qaldırılması istiqamətində hüquqi addımların atılmasının
vacibliyini vurğulayıb.
Xatırladaq ki, Ermənistan Başç naziri Nikol Paşinyan ötən gün
Azərbaytcanla sülh müqaviləsinin 2027-2028-ci illərdə imzalana
biləcəyini açıqlamışdı.

