Hərbçilər ədəbiyyatı və filologiyanı da yaxşı bilməlidir – vitse-spiker

Baş səhifə

Bakı. Trend:

Azərbaycan hərbi qulluqçuları və zabitləri yalnız riyaziyyat,
fizika və kimya kimi fundamental elmləri deyil, fəlsəfə, ədəbiyyat
və dilçilik sahələrini də bilməli, hərtərəfli biliyə və məntiqi
təfəkkürə malik olmalıdırlar.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli
Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin bugünkü plenar
iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hərbi qulluqçulara növbədənkənar hərbi rütbələrin
verilməsi ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulub. Onun
sözlərinə görə, Müdafiə Nazirliyinin xüsusi xidmətləri olan hərbi
qulluqçulara növbəti, daha dəqiq desək, növbədənkənar hərbi
rütbələr vermək səlahiyyəti var və bu baxımdan problem mövcud
deyil.

Z.Əsgərov deputat Siyavuş Novruzovun magistratura, rezidentura
və doktoranturada təhsil alan şəxslərə üstünlük verilməsi ilə bağlı
təklifinə də münasibət bildirib. O qeyd edib ki, həmin şəxslər
fundamental elmlərlə məşğul olduqları üçün onların bilik və
təcrübələrinin nəzərə alınması məsələsi müzakirə olunur.

Deputatın sözlərinə görə, riyaziyyat, fizika və kimya
fundamental elmlər hesab edilsə də, hərbi qulluqçuların fəlsəfə
sahəsində biliklərə və güclü məntiqi təfəkkürə malik olması da
vacibdir.

“Hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır. Bu məntiqi isə
fəlsəfə verir”, – deyə o bildirib.

Z.Əsgərov əlavə edib ki, hərbi qulluqçular ədəbiyyatı,
filologiyanı və dilçiliyi də yaxşı bilməlidirlər.

O, Sovet dövründə orduda mövcud olmuş siyasi məsələlər üzrə
komandir müavini vəzifəsini, eləcə də “zampolit” anlayışını
xatırladıb. Deputat bildirib ki, həmin dövrdə hərbi hissələrdə
siyasi məsələlərə xüsusi diqqət yetirilirdi.

Z.Əsgərov qeyd edib ki, komitə sədri olduğu dövrdə bir neçə
hərbi hissəyə müntəzəm səfərlər edib və orada ayrıca kitabxanaların
fəaliyyət göstərdiyini müşahidə edib. Həmin kitabxanalarda əsgər və
zabitlər bədii ədəbiyyat, fəlsəfə və dilçiliklə bağlı kitablar
oxuyurdular.

Deputat hesab edir ki, hərbi qulluqçuların bu sahələrdə biliklər
əldə etməsi müsbət haldır və belə yanaşma dəstəklənməlidir.

O, qanunvericilikdə əksini tapan və müzakirə olunan bu
yanaşmanın tərəfdarı olduğunu bildirərək vurğulayıb ki, Azərbaycan
ordusunun hərbi qulluqçuları, zabitləri və leytenantları hərtərəfli
biliyə malik olmalıdırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir